11:17, 16 Avqust 2018 (Cümə axşamı) 322

Nazir konvensiyanın asan başa gəlmədiyini deyir

Nazir konvensiyanın asan başa gəlmədiyini deyir
"2018-ci il avqustun 12-də Aktauda keçirilmiş V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu üzrə konvensiyanın imzalanması beş Xəzəryanı dövlət üçün tarixi hadisə və mühüm əhəmiyyətli nailiyyətdir".

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov belə deyib.

Nazir vurğulayıb ki, konvensiya Xəzər dənizində dövlətlərarası münasibətlərin və davranışın hüquqi çərçivəsini müəyyən edir: "Sənədin əsasını beynəlxalq hüququn ümum qəbul edilmiş norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmət təşkil edir".

Nazir vurğulayıb ki, konvensiyanın razılaşdırılmasının son mərhələsi asan olmayan müzakirələrdən keçib: "Bütün bu müzakirələrin yekunu olaraq, Xəzəryanı dövlətlərin Aktauda keçirilmiş zirvə toplantısında konvensiya imzalanmaq üçün prezidentlərə təqdim olundu".

Nazir sənədin ratifikasiyasının tezliklə başa çatacağına ümid etdiyini bildirib: "Ratifikasiya prosesinin başa çatması və konvensiyadan irəli gələn müddəaların praktiki icrası regionun dayanaqlı inkişafı üçün daha da geniş imkanlar açacaq".

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusu ilə bağlı konvensiya imzalanıb. Sənədi Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran prezidentləri imzalayıblar.

Konvensiyaya Azərbaycanda münasibət birmənalı deyil. Bəziləri hesab edirlər ki, 20 ildən çox danışıqlardan sonra nəticə daha çox Rusiyanın istədiyi kimi olub. Onlar deyirlər ki, Xəzərə Azərbaycanın istəyinin əksinə olaraq dəniz statusu verilməyib.

Üstəlik, onların fikrincə, sənəddəki bəzi məqamlar Rusiyanın yenə də regionda hegemonluğunu qorumağa imkan yaradır.

Ekspertlərə görə, sənəddə açıq qalan başqa məsələlər də var. Onlar vurğulayırlar ki, Xəzərin şimal hissəsi Azərbaycan, Rusiya və Qazaxıstan arasında orta xətt prinsipi ilə bölünüb. Amma Xəzərin cənub hissəsi ilə bağlı hüquqi razılaşma yoxdur.///AzadlıqRadiosu