15:14, 16 Fevral 2018 (Cümə) 132

"NAZ-Lifan" istehsalı dayanıb

Bu ilin yanvar ayında Azərbaycanda minik avtomobili istehsal olunmayıb. Toplum Tv Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvar ayında ölkədə yalnız 73 ədəd traktor istehsal edilib. Bu isə o deməkdir ki, Azərbaycanda minik avtomobillərinin yeganə istehsalçısı Naxçıvan Avtomobil Zavodu yanvar ayında da avtomobil istehsal etməyib.

Bir müddət əvvəl Naxçıvan Avtomobil Zavodunun direktor müavini Polad Sadıxov Fins.az-a açıqlamasında zavodun fəaliyyətini dayandırması məsələsinə aydınlıq gətirmişdi. O bildirmişdi ki, istehsal sifariş əsasında aparılır. Sifarişlər gec verildiyi üçün istehsal prosesində də gecikmələr ola bilər: "Bilirsən, əvvəl sifariş hər ay gəlirdisə, indi 2 aydan bir gəlir. Bura həm dövlət, həm də digər sifarişlər daxildir”.

Naxçıvan Avtomobil Zavodu ehtiyat hissələri Çindən idxal olunmaqla "NAZ-Lifan" avtomobillərini istehsal edirdi. Avtomobillər daha çox dövlət sifarişləri əsasında alınaraq əlillərə hədiyyə olunurdu.