11:14, 28 Aprel 2018 (Şənbə) 240

Natiq Cəfərli: "Dalğavari prosesdir: yüksəliş olub, indi eniş gözlənilir"

Natiq Cəfərli:
Ekspert: "Hasilatı stabilləşdirmək istəyirlər"

"BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında yeni sazişə imza atıblar. 

Saziş SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP şirkətinin baş icraçı direktoru Robert Dadlinin iştrakı ilə 25 illik müddətə imzalanıb.

İqtisadçı ekspert Natiq Cəfərli bu sazişlə bağlı Toplum Tv-nin suallarına cavab verib.

- Bu sazişin mahiyyəti nədən ibarətdir?

- Mahiyyət iki istiqamətdədir: biri hasilatın pay bölgüsü ilə bağlı yeni sazişin imzalanmasına hazırlıqla bağlıdır, digəri isə neft hasilatının düşməsi ilə bağlı hökumətin narahatlığıdır. Neft qiymətləri keçən ilə nisbətən təqribən 44 faiz qalxmasaydı, hasilatın kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatında çox böyük problemlərə səbəb ola bilərdi.

- Bu sazişə getməkdə hökumətin məqsədi nədir?

- BP kimi texnoloji imkanları geniş olan şirkətlərdən istifadə edərək, hasilatı stabilləşdirmək istəyirlər. Yəni artırılmasından söhbət getmir artıq. Amma azalmanın qarşısını almaq və sabitləşdirmək kimi bir məqsəd var hökumətin qarşısında. BP-nin də həm müasir texnologiyalarla işləyən komandasının olmasını, həm də təcrübəsinin olmasını nəzərə alaraq imzalanan saziş daha kiçik bir yataqda hasilatla bağlı gələcək işlərin başlanmasına, ümumilikdə hasilatın tamamilə sabitləşməsinə hesablanır. 2019-cu ildən başlayaraq hasilatın sabitləşməsi gözlənilir.

- Bəs hökumət sazişdən gözləntisinə nail ola biləcəkmi?

- Nail olmaq imkanları var. Həm yeni yataqda hasilat başlayacaq. Bu da köhnə "Azəri-Çıraq” yatağında hasilatın azalmasını konpensasiya edəcək. 700 min barel olmasa da, 600-650 min barel civarında hasilatı sabitləşdirmək mümkün olacaq.

- Manata təsir edən iki əsas faktordan birinin də neft qiymətləri olduğunu nəzərə alsaq, yaxın gələcəkdə bu, manata təsir edəcəkmi?

- Neftin qiymətinin indiki vəziyyətdə olması manata üstünlüklər verir. Hökumət hər nə qədər desə də, manat üzən məzənnə rejimində deyil, inzibati qaydada Mərkəzi Bank tərəfindən tənzimlənir. Mərkəzi Bankı da rahat davranmağa neft qiymətləri sövq edir. İndiki halda daha rahatdılar, çünki gözləntilərdən daha artıq neft pulu gəldi. Keçən il neftin qiymətlərini 45-50 dollar gözləyirdilər, bu il artıq 75 dollar oldu. Ona görə hələ ki, manata ciddi təsirlərin olacağını gözləmirəm. Neftin qiymətlərinin bu səviyyədə qalması da real görünmür. Dalğavari bir prosesdir. Yüksəliş olub artıq, indi eniş prosesi gözlənilir. Çox  güman ki, bu ilin ortalarına doğru yenidən qiymətlərdə eniş gözlənilir.

- 25 illik müddətdə hökumətin tərkibində hər hansı dəyişiklik baş verərsə və ya hər hansı halda bu müqavilənin qüvvədən düşmə ehtimalı varmı?

- Azərbaycanda imzalanan bütün beynəlxalq neft-qaz müqavilələri parlament tərəfindən təsdiqlənir və konstitusion hüquqa malik olurlar. Azərbaycanda istənilən hökumət dəyişikliklərində sonra belə, o müqavilənin şərtlərini yerinə yetirməyə borcludurlar. Çünki beynəlxalq iqtisad məhkəmələri Azərbyacana qarşı çox ciddi sanksiya tətbiq edərlər. Ona görə də heç bir hökumət buna getməz.

Gülzar N. Məmmədli
Toplum TV