12:42, 21 Noyabr 2017 (Çərşənbə axşamı) 175

Nardaranda öldürülən şəxsin oğlu həbs olundu

Nardaranda öldürülən şəxsin oğlu həbs olundu
2015-ci il noyabrın 26-da Nardaranda keçirilən polis əməliyyatı zamanı qətlə yetirilən yerli sakinlərdən biri Rəfael Bünyadovun oğlu Hüseynağa Bünyadov da həbs olunub. 1998-ci il təvəllüdlü H.Bünyadov noyabrın 20-də saxlanılıb və az sonra polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə ona 30 sutka inzibati həbs cəzası verilib.

17 yaşlı H.Bünyadovun yaxınları AzadlıqRadiosuna polisə müqavimət ittihamının yalan olduğunu, polislərin onu Nardaranda yaşadığı evin qarşısından tutub apardığını deyir. Yaxınlarının sözlərinə görə, Hüseynağa bir neçə gün öncə Facebook səhifəsində Nardaran əməliyyatında öldürülən dörd nəfərin məzarının fotosunu paylaşmışdı. Onların fikrincə, H.Bünyadovu bu paylaşıma görə cəzalandırıblar.

"Bu uşağın heç 18 yaşı tamam olmayıb, nə istəyirlər ondan? Atasını öldürdülər, əmisini öldürdülər, başqa bir əmisini iflic eləyib, yatağa saldılar, bəs deyil bunlara?», – H.Bünyadovun yaxınları belə deyir.

2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyatda ikisi polis, dördü isə yerli sakin olmaqla, 6 nəfər öldürülüb. Əməliyyat zamanı saxlanılan şəxslərdən «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və onun müavini Abbas Hüseynovun hər biri 20 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, saxlanılarkən yetkinlik yaşına çatmamış Ramin Yarıyev 10 il, qalan 12 nəfərin hər biri isə 14 il 6 ay azadlıqdan məhrum edilib.
T.Bağırov və onunla birlikdə həbs olunanlar qəsdən adam öldürmə, terrorçuluq, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və başqa maddələrlə suçlanır. Amma onlar ittihamları rədd edirlər. Bildirirlər ki, onların heç birində silah olmayıb, namaz qıldıqları vaxt polislər evə hücum edərək atəş açıblar.

Nardaran məhbusları məhkəmədə bildiriblər ki, tutularkən və ondan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qalıblar. Ancaq idarənin əməkdaşları məhkəmədə dindirilərkən işgəncə iddialarını təkzib ediblər.