14:42, 10 Yanvar 2017 (Çərşənbə axşamı) 67

Nardaran Ağsaqqallar Şurası sədrinin məhkəməsi keçirilib

Nardaran Ağsaqqallar Şurası sədrinin məhkəməsi keçirilib
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun məhkəməsi başlayır

Yanvarın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov və Azərbaycan İslam Partiyasının həbsdə olan keçmiş sədr müavini İnqilab Əhədovun məhkəməsi başlayıb.

Meydan TV-nin məlumatına görə, hazırlıq iclasında hakim Eldar İsmayılov bildirib ki, iş materialları ilə tanış olan zaman maraqlı məqamlar üzə çıxıb. Belə ki, cinayət işi ilə tanış olan zaman məlum olub ki, həmin iş üzrə istintaq Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılıb. İş üzrə istintaq qrupunun üzvülərindən biri isə oğlu Emil İsmayılzadədir. Bu halda qanunvericilik işə onun sədrliyi ilə baxmağa imkan vermir. O, özünə etiraz verib.
Bundan sonra digər hakimlər Cavid Hüseynov və Əlisultan Osmanov etirazı müzakirə ediblər. Onların qərarına əsasən etiraz təmin edilib. Cinayət işi yenidən icraata verilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinə göndəriləcək.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda bildirilir ki, həyata keçirilən istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyənləşib.

N. Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində saxlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Ötən il yanvarın 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda isə bildirilir ki, xarici ölkəyə casusluq edən Azərbaycan vətəndaşını həbs edib. Azərbaycan vətəndaşı Əhədov İnqilab Xəlil oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək 2011-ci ildən etibarən mütəmadi olaraq həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi və Azərbaycan dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən olunub.

Bununla əlaqədar İnqilab Əhədov DTX-nin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 27 yanvar 2016-cı il tarixdə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.