21:29, 09 Yanvar 2017 (Bazar ertəsi) 108

'Narahatçılıq bu qanunun kağız üzərində qalmasıdır'

'Narahatçılıq bu qanunun kağız üzərində qalmasıdır'


"Nağd əməliyyatların məhdudlaşdırılmasını nəzərdə tutan qanunun qəbulu təqdir olunmalıdır. Lakin burda ən böyük narahatçılıq bu qanunun kağız üzərində qalmasıdır”.

İqtisadçı Qubad İbadoğlu yeni qəbul edilən "Nağdsız hesablaşmalar haqqında Qanun”u şərh edərkən belə deyib.

"Qanunun tətbiqindən irəli gələn məhdudiyyətlərdən isə sahibkarlar, xüsusilə dövlət və büdcə əsaslı iri məbləğli sifarişlərlə işləyənlər narahatlıq keçirirlər”, o, hesab edir.


Ekspert qeyd edib ki, investisiya büdcəsi təqvim ilinin əvvəlində Nazirlər Kabinetinin qərarı ilə əlaqədar nazirliklər və icraçı təşkilatlar arasında bölüşdürüldükdən sonra, onların sifarişləri özlərinə yaxın podratçılara verdiyi heç kəsə sirr deyil. Podratçılar da bu sifarişləri özlərinə yaxın subpodratçılara verirdilər.

O, deyib ki, prosesdə iştirak edən dövlət təşkilatlarının hər birinə müxtəlif faiz nisbətlərində geriyə ödənişlər nağd əməliyyatlarla aparılır. Eyni zamanda əmək haqlarına əlavə olaraq "paket” formasında ödənişlər də nağd pullardır.

Onun fikrincə, bu halda iki variant proqnozlaşdırmaq olar.

"Birincisi, dövlət sifarişləri və xidmətlərinə geriyə ödənişləri, rəsmi əmək haqqına əlavələr aradan qaldırılır. Sahibkarlar üçün tenderlər sağlam rəqabət şəraitində şəffaf və hesabatlı keçirilir. Bu varıantın yerinə yetirilmə ehtimalı azdır. Ancaq, hazırkı iqtisadi böhran dövründə onun reallaşdırılması sahibkarlıq fəaliyyətini stimullaşdırılması və korrupsiyanın qarşısının alınmasında əhəmiyyətli rol oynaya bilər”, deyə o bildirib.

Q.İbadoğlu xatırladıb ki, 2017-ci ilə görə təsdiq olunan dövlət büdcəsində tikinti xərcləri 2,5 milyard manatdan çox təsdiq olunub.

"Bu variantda reallaşacağı halda, ən azı 500 milyon manatlıq rüşvət və korrupsiya əməliyyatları sıradan çıxa bilər. İkinci variantda bu mütərəqqi qanunun qəbuluna baxmayaraq yenə də hesablaşmalar köhnə qaydada nağd əməliyyatlarla davam etdirilir. Bu korrupsiyanın davamlılığını təmin edəcək”, deyə iqtisadçı bildirib.



Xatırlatma

Ölkə başçısı dekabrın sonunda "Nağdsız hesablaşmalar haqqında” qanunu təsdiqləyib. Qanun illik dövriyyəsi 200 min manatdan artıq olan vergi ödəyicilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə həmin il aprelin 1-dən qüvvəyə minir.

Qanuna əsasən, dövriyyəsi 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri 30 min manatdan artıq hesablaşmaları nağdsız həyata keçirməlidir.

Digər vergi ödəyicilərindən ötrü bu hədd 15 min manatdan sonra başlayır.
 
azadliq.org