19:53, 20 Noyabr 2017 (Bazar ertəsi) 613

"Müstəqillik deputatlar, nazirlər üçündür" - REPORTAJ

"Nəvəmlə yaşıd qızlar məni maşınla götürüb ev təmizləməyə aparırlar”. 

59 yaşlı Gülçöhrə Əhmədova Tplum.Tv-yə belə deyir. O, hər gün iş tapmaq üçün Nəsimi bazarının yaxınlığında yerləşən "qadın qul bazarı”na gəlir. 

Maştağada yerləşən "qul bazarı”ndan fərqli olaraq, burada dayanan qadınların yaşı 45-dən yuxarıdır. 

Gülçöhrə Əhmədova da bu qadınlardan biridir. Pensiyaya çıxacağına ümid edən qadın, yaş həddinin artırılmasından sonra yenə də gözünü buradan qazana biləcəyi 10 manata dikib. 

Saat 8-dən etibarən hava şəraitindən asılı olmayaraq, buradakı avtobus dayanacağının ətrafına toplaşan qadınlar səki boyunca var-gəl edir, onlara yaxınlaşacaq maşınların yolunu gözləyirlər. 

"Pensiya yaşına təzəcə çatmışdım, onu da artırdılar”

Keşməkeşli ömür sürməsindən gileylənən Gülçöhrə Əhmədova pensiyanı ölüm döşəyində görəcəyini düşünür. Dərdlərini astadan, sanki öz-özünə danışırmış kimi söyləyir. Heç bu "bazar”da da işlərinin yaxşı getmədiyini deyir: "Sonuncu dəfə nə vaxt işlədiyim yadıma düşmür. Qoca olduğuma görə o biri qadınlardan az ödəniş edirlər. Yenə də dilənməkdən yaxşıdır”.

"10 manata heç bir kilo yağ almaq olmur”

Sonradan adının Əminə olduğunu öyrəndiyimiz qadın da söhbətə qoşulur. 

Onunla söhbətimiz zamanı məlum oldu ki, 9 ildir bu bazara gəlir. 36 yaşından bəri Müşfiq qəsəbəsindən buraya çörəkpulu üçün gəldiyini deyən Əminə Sadıqova həftələrlə işsiz qalmasından şikayətlənir: "Kasıbın yeməyi kartofdur, onu da qızartmaq üçün duru yağı 5 manata alırsan. Buradan qazandığımız 10-15 manatla da dükanlardakı nisyələrimizi bağlayırıq. Bura gəlməyi də dayandırsam, yavan çörək də ala bilmərəm”.

"İki aydır, kirayəpulunu verə bilmirəm”

"Bura nömrələrimizi də yazmışıq, amma zəng edən olmur. 2 ayda bir kimsə zəng edə ya etməyə”, - 51 yaşlı Zərifə Süleymanova belə deyir. O da 2-3 il öncəyə qədər buradan qazandığı pulla pis-yaxşı dolana bildiyini söyləyir. 

Hazırda isə 2 aydır kirayə pulunu verə bilməməsi onu gecə-gündüz narahat edir: "10 gündür gəlib-gedirəm, heç maşını saxlayıb "burada niyə dayanmısınız” deyən də yoxdur. Hamımız fəhlə qadınlarıq. Bir gün səhərdən-axşama kimi ev təmizliyi üçün 20-40 manatarası pul alırıq. Sonra isə həftələrlə iş olmur. Allah aparanların da köməyi olsun, onlar olmasa, küçələrdə qalaram”.

"Xadimə işinə girmək üçün də gərək day-dayın ola”

Onları buradan iş üçün aparan imkanlı şəxslərin evində davamlı iş olub-olmadığını soruşanda cavabı belə oldu: "Axı indi cavanlar iş tapa bilmir, qaldı ki, məni işə götürən tapıla. Xadimə işinə girmək üçün də gərək day-dayın ola. İmkanı olan qadın gəlib burada dayanmaz, ay qızım. Dəfələrlə gəlib bizi çəkiblər, keçən dəfə kanallarda şəkillərimizi də vermişdilər. Burada dayanmaqdan utanmıram. Çörəkpuluna çıxıram. Amma övladlarım narahat olur”.

"Oğlumun dostu-tanışı deyir ki, sən necə oğulsan ki, anan üçün 1 tikə çörək tapmırsan”, - bu sözləri deyəndə gözləri doldu: "Televizorda məni göstərəndən sonra oğlumun dostu-tanışı deyib ki, sən necə oğulsan ki, anan üçün bir tikə çörək tapmırsan. İnsanlar başa düşmür ki, oğlum öz ailəsini güclə dolandırır. Mənim isə hələ ki, əlim-ayağım tutur”.

 "Aramızda cavan qadın yoxdur”

Zərifə Əliyeva 10 il əvvəl rayondan bura ailəlikcə iş ümidi ilə gəldiklərini,  indi isə çörək almağa pul tapmadıqlarını deyir: "Bura 15-20 ildir ki, gələn qadınlar var. Mən də ilk zamanlar ümid edirdim ki, buradan davamlı iş tapa bilərəm. Təzə gələnlər 5-10 gün dayanır, görürlər ki, iş yoxdur, çıxıb gedirlər. Biz də arada bezib həftələrlə gəlmirik. Aramızda 40 yaşından cavan qadın yoxdur”.

"Desələr ki, gecədən səhərə qədər iş var, gedib daş da daşıyaram”

Zərifənin bacısı İlhamə Əliyeva da 10 ildir bura gəlir. Maştağada yaşadığını deyən İlhamə xanımın sözlərinə görə, bura hər gələndə 1 manat yolpulu verir. Çox vaxt isə evə əliboş qayıdır: "Çox vaxt heç yolpulunu da tapmırıq. Saat 8-dən axşam 5-ə qədər dayanırıq, o vaxta qədər iş çıxmasa, kor-peşman evə qayıdırıq. İş tapa bilən adam bu soyuğun qabağında saatlarla dayanmaz axı”.

"Allah rəhbərlərimizin könlünə insaf salsın”
   
İlhamə xanım düşünür ki, son 2 ildə işlərinin azalmasında təmizlik şirkətləri rol oynayır: "8 il əvvəl Nəsimi bazarı dayandığımız yerə qədər uzanırdı. Biz də kartof, soğan anbarında çürükləri seçirdik. Sonra oranı da dağıtdılar. İndi isə bura ancaq qul bazarı kimi tanınır. Mənim elə gücüm yoxdur ki, kafedə səhərə qədər qab yuyub 10 manat alım. Vaxtında oxumamışam, savadım olmayıb, ona görə məcbur qalıb burada dayanmışam. Allah rəhbərlərimizin könlünə insaf salsın. Onlar da iş yerlərini çox eləsinlər ki, biz də bir tikə çörəyimizi qazana bilək. Savadım da yoxdur ki, alver edib ailəmi dolandırım. Dövlət heç olmasa fabriklər açsa, mən də gedib işləyərdim. 20 ildir ki, Maştağadan Bakıya gəlirəm. Gəlirəm ki, çörək pulu qazanım. Neçə illərdir ki, burada dayanıb heykəl kimi keçən maşınlara baxırıq”.

Ona yaşadığı qəsəbədə də "qadın qul bazarının olduğunu xatırlatdıq. Niyə orada dayanmadığını, iş üçün bu qədər yol qət etdiyini soruşduq: "Orada məni tanıyan insanlardan, qonşularından utanıram. Hamı elə bilir ki, işə gedirəm. Daha bilmirlər ki, mən də buradakı "qul bazarı”na gəlirəm. Oğlumun 3 uşağı məktəblidir. Ona necə deyim ki, mənim də yükümü boynuna götür? İş yox, zavod, fabrik yox. Sonra da Rusiyaya iş dalınca gedən cavanlarımız haqqında deputat çıxıb ağzına gələni danışır. Daha demirlər ki, bu camaat nə ilə dolanmalıdır?”
 
"Belə azadlıq kimə lazımdır?!”

Qadınlar bir ağızdan indiki durumdan şikayətlənməyə başladılar: "Sovetin dövründə müstəqil deyildik, amma ən azından yeməyə çörək tapırdıq. İndi müstəqilik, amma çörəyi də nisyə alırıq. Belə azadlıq kimə lazımdır? Niyə ölkədə bu qədər kasıb var? Elə adam var ki, dənizi də bölüb. Biz də vaxtında meydanlara çıxmışıq, bəs bu müstəqilliyin meyvəsini biz kasıblar niyə heç görmədik? Müstəqil ölkə deputatlar, nazirlər üçündür. Mənim yoldaşım rəhmətə gedib. Bura çıxmasam, acından ölərəm. Balalarım da güclə dolanır. Azərbaycanda mənim kimi minlərlə dul qadın var. Nə yesin bu dullar ? Niyə hökumət mənə pul kəsmir, bizi görməzdən gəlir? Qocalıb əldən düşəndə mən necə dolanaram? Bircə onu bilirəm ki, Azərbaycan rəhbərliyi kasıbları unudub. 2000 manat maaş alırlar, utanmadan da deyirlər ki, biz az maaş alırıq. Bəs kasıb heç 200 manat da qazana bilmir axı”.

"Kasıblar həkimə ölməyə gedir”

Gülçöhrə Əhmədova da gileylənir: "Firmalar yaranandan bəri aylarla işsiz qaldığımız olur. Xalçayuyan, pərdəyuyan, paltaryuyanlar çıxıb. Təmizlik firmaları yaranandan biz ac qalmışıq. İndi isə firmalara zəng edirlər, onlar da bütün ləvazimatları ilə gəlib işləyirlər. Bizə də ehtiyac qalmır. Əvvəllər kəndlərdə heç olmasa dolanmaq olurdu. İndi heç o da yoxdur. Həkimə getməyə də pul tapmırıq. Kasıblar həkimə ancaq ölməyə gedir. Ürəyimiz o qədər doludur ki, danışmasaq, olmur”.

Qadınlarla söhbət zamanı məlum oldu ki, burada, adətən, hər gün 10-15 nəfər olur. Amma son vaxtlar işsizlikdir deyə qadınların çoxu bura gəlməyə yolpulu tapmırlar. Onların da ümidi zənglə işə çağrılmağadır. 

Ofelya Ramilqızı
Toplum.Tv