20:29, 16 Fevral 2018 (Cümə) 129

“Müsəlman Birliyi” üzvünün apelyasiya şikayətinə baxılıb

“Müsəlman Birliyi” üzvünün apelyasiya şikayətinə baxılıb
Fevralın 16-da Bakı Apelyasiya Məhkəməsində "Müsəlman Birliyi” Hərəkatının üzvü Samir Babayevin həbs qərarından şikayətinə baxılıb.

"Azadlıq Radiosu"nun verdiyi xəbərə görə, Maştağa qəsəbəsinin sakini olan S.Babayev fevralın 3-də saxlanılıb. Ertəsi gün Sabunçu Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 206-cı (narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə təqsirli bilib.

Onun üzərindən narkotik tapıldığı. Məhkəmə S.Babayevə 60 sutka inzibati həbs cəzası kəsib.

Dindar fəal inzibati xəta protokolunda yazılanların yalan olduğunu deyir. O, apellyasiya şikayətinə baxılanda da haqqındakı məhkəmə qərarı əsassız sayıb və onda narkotik olmadığını bildirib. S.Babayevin sözlərinə görə, tutulmasının əsl səbəbi həbsdəki ilahiyyatçı Taleh Bağırovun tərəfdarı olmasıdır.

İlqar Murquzovun sədrlik etdiyi hakimlər kollegiyası apellyasiya şikayətini təmin etməyib, Sabunçu Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanıb.

S.Babayev 2017-ci il oktyabrın 5-də də polisə tabe olmamaq ittihamı ilə saxlanmış və o zaman ona 30 sutka həbs cəzası verilmişdi. O, həmin həbs qərarından verilmiş apellyasiya şikayətinə baxılarkən, bildirmişdi ki, ona Sabunçu Rayon Polis İdarəsində işgəncə verilib - bədəninə cərəyan qoşulub, dəyənəklə döyülüb, təhqir olunub.