20:29, 12 Aprel 2018 (Cümə axşamı) 109

"Müsavat seçkinin nəticələrini tanımır" - Arif Hacılı

"Azərbaycanda aprelin 11-də keçirilən prezident seçkiləri qeyri-demokratik şəraitdə baş tutub və Müsavat Partiyası növbədənkənar prezident seçkilərini tanımır".
 
Bunu aprelin 12-də partiyanın qərargahında keçirdiyi mətbuat konfransında Müsavat başqanı Arif Hacılı jurnalistlərə açıqlamasında deyib. 

O, seçkilərin azad və rəqabətli mühitdə keçirilmədiyini bəyan edib və bildirib ki, partiya seçkilərin nəticələri iə bağlı yekun sənəd hazırlayıb.
 
Sənəddə deyilir ki, seçicilərin sayı ilə bağlı Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi rəqəmlə reallıq ciddi fərqlənir.
 
Partiya hesab edir ki, yalnız bir namizədin gizli hazırlaşmasına hesablanan qəfil növbədənkənar seçki elan olunması demokratik seçkiqabağı siyasi mühitin yaranmasının qarşısını alıb. Belə ki, seçki faktiki olaraq ölkə rəhbəri İlham Əliyevin 4-cü dəfə prezident olmasından ötrü rəqabətsiz şərait yaratmağa xidmət edib.

Sənəddə qeyd olunub ki, seçkiqabağı mühit demokratik seçki keçirmək tələblərinə cavab verməyib, aparıcı müxalifət partiyalarının fəaliyyətinə imkan verilməyib, vətəndaşların toplaşmaq hüququ pozulub, ölkədə müstəqil mətbuat sıradan çıxarılıb.

Müsavat Partiyası bəyan edib ki, azad və ədalətli olmayan seçkilər nəticəsində formalaşacaq icra hakimiyyətinin legitimliyini tanımır.
 
Bütün bunları nəzərə aldığını deyən Müsavat Partiyası seçkinin nəticələrinin ləğv olunmasını, Azərbaycanda xalqının azad iradəsini əks etdirən və beynəlxalq standartlara cavab verən yeni seçkinin keçirilməsini tələb edib. 

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib.
 
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov aprelin 11-dən 12-nə keçən gecə prezident seçkisinin ilkin nəticələri ilə bağlı mətbuat konfransında deyib ki, 5 min 641 seçki məntəqəsindən 5 min 201-i, yəni 92.2 faizi hesabat verib.

O bildirib ki, 3 milyon 959 min 553 bülletendən 3 milyon 723 min 278 bülleten sayılıb.

Sayılan bülletenlərə görə İlham Əliyev 86 faizlə liderdir.
 
Digər namizədlərin səs faizinin ardıcıllığı isə belədir:
Zahid Oruc - 3.11,
- Qüdrət Həsənquliyev - 3.04,
- Sərdar Cəlaloğlu - 3.02,
- Hafiz Hacıyev - 1.51,
- Araz Əlizadə - 1.39,
- Fərəc Quliyev - 1.18,
- Razi Nurullayev-  0.75.

Əhməd
Toplum.Tv