18:56, 10 Fevral 2018 (Şənbə) 946

Müsavat seçkilərdə iştirak etməyəcək

Müsavat seçkilərdə iştirak etməyəcək
Fevralın 10-da Müsavat Partiyasının qərargahında partiya Məclisinin növbədənkənar sessiyası keçirilib.

Sessiya aprelin 11-də keçiriləcək növbədənkənar Prezident seçkilərinə həsr olunub.

Sessiyada aparılan müzakirələr nəticəsində Müsavat Partiyası növbədənkənar prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul edib.
 
81 məclis üzvündən 6 nəfər bitərəf qalıb, 12 nəfər isə qərarın əleyhinə səs verib.

Müsavat Partiyasının seçki qərargahının sədri Gülağa Aslanlı Toplum tv-ə açıqlamasında sonrakı fəaliyyətinin seçkilərin şəffaf keçirilməsinə yönələcəyini deyib: ”Seçki qərargahı olaraq seçki saxtakarlığına qarşı mübarizəni təşkil etməyə yönələcəyik”.

G. Aslanlı həmçinin fevralın 12-də Müsavat Partiyası Divanının sonrakı fəaliyyətlərlə bağlı toplanacağını da əlavə edib: ”Seçki müşahidəsinin təşkili ilə yanaşı kütləvi aksiyaların təşkili və aksiyalarda iştirak da sonrakı fəaliyyətlərimiz arasında olacaq. Divanın müzakirələrindəsonra seçki ilə bağlı yekun sənəd qəbul olunacaq”.

Müsavat Partiyası növbədənkənar seçkilərdən öncə 2017-ci ildə 2018-ci il Prezident seçkilərində iştirak etmək qərarı almışdı. 

Partiyanın namizədi Milli Strateji Düçüncə Mərkəzinin sədri İsa Qəmbər idi.

1911-ci ildə Məhəmməd Əmin Rəsulzadə tərəfindən yaradılan Müsavat Partiyası 1918-ci il mayın 28-də Tiflisdə bir neçə azsaylı partiya ilə birgə Azərbaycan İstiqlalını elan edib. Yaradılan Milli Şuranın sədrliyinə isə partiyanın sədri M.Ə. Rəsulzadə seçilib.

1919-cu ildə partiyanın ikinci qurultayı keçirilib.

1920-ci ilin aprelində Azərbaycan işğal olunduqdan sonra Müsavat Partiyası gizli mübarizəyə başlayır.

1936-cı ilin avqustunda Müsavat Partiyasının konfransında Partiyanın "Yeni Proqram Əsasları" qəbul edilir.

1991-ci ilin iyununda Müsavatın qurultayında Nəsib Nəsibzadə Mərkəzi İcraiyyə Komitəsinin sədri seçilir.

1992-ci ildə Müsavatın bərpa mərkəzi yaradılır.

1992-ci ilin noyabrında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilir və İsa Qəmbər Partiyanın 5-ci başqanı seçilir.

Partiyanın2014-cü ildə keçirilən qurultayında Arif Hacılı 6-cı başqan seçilib.

Müsavat Partiyası 2003-cü il prezident seçkisində İsa Qəmbərin, 2013-cü ildə isə Cəmil Həsənlinin namizədliyi ilə qatılıb.

Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkisi keçiriləcək. Bu barədə prezident İlham Əliyev fevralın 5-də sərəncam imzalayıb. 
 
İzzətxanım Cabarlı
Toplum.Tv