09:50, 13 Oktyabr 2018 (Şənbə) 770

Müsavat Partiyası: "Bu, insan oğurluğudur"

Müsavat Partiyası:
Müsavat Partiyasının üzvü Azad Həsənovun saxlanıldığı yerlə bağlı məlumat yoxdur.

Bu barədə müsavatçının vəkili Osman Kazımov məlumat yayıb. 

Onun sözlərinə görə, Azad Həsənovun saxlanıldığı yeri gizlədirlər. Bu da onun həyatının təhlükə altında olması ilə bağlı şübhələr yaradır: "Suraxanı Rayon Polis İdarəsində mənə bildirdilər ki, burada müvəqqəti saxlama təcridxanası təmirdə olduğu üçün gətirilənlər Xəzər Rayon Polis İdarəsindəki təcridxanaya aparılır, ora ilə əlaqə saxlayın. Xəzər polisindən də bildirdilər ki, bizə Azad Həsənov adlı adam gətirilməyib. Onun harada olması ilə bağlı Baş Prokurorluğun və Ombudsman Aparatının qaynar xətlərinə müraciət etmişəm. İndiyə qədər onun harada olduğu barədə sorğulara cavab verilməyib. Bu gün həmçinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində oldum. Orada da deyiblər ki, burada belə adam yoxdur. Azad Həsənov faktiki olaraq itkin düşüb, onun həyatı təhlükədədir.
 
Osman Kazımov qeyd edir ki, əgər Azad Həsənovun barəsində hansısa cinayət işi, yaxud axtarış olsaydı, onu hava limanında saxlayardılar: "Amma o, xaricdən gələrkən hava limanında saxlanmayıb, sərbəst evə gedib və yalnız evinə çatdıqdan bir neçə saat sonra oğurlanıb”.

Müsavat Partiyasının Aparat rəhbəri Gülağa Aslanlı deyir ki, bu insan oğurluğudur: "Azad Litvada oturum alıb. Uşaqları orada məktəbə gedir və xanımı orada təhsil alır. Azad sadəcə, atasının ağır günündə yanında olmaq üçün gəlib”.

Gülağa Aslanlı da vəkilin fikirlərini təsdiqləyərək deyib ki, əgər onun barəsində cinayət işi olsaydı, o, hava limanında saxlanılmalı idi: "Lakin Azad evlərinin önündə mülki geyimlilər tərəfindən maşına mindirilərək aparılıb. Həmin maşının daha öncə bir neçə dəfə ərazidə dövrə vurduğu ilə bağlı məlumatlar da var. Vəkil aidiyyatı qurumlarla bu məsələni aydınlaşdırmağa çalışır. Buna nə ad verəcəkələri mənə çox maraqlıdır. Bu, insan oğurluğudur. Onu oğurlayan şəxslər cəzalandırılmalıdır”.

Gülağa Aslanlı deyir ki, əgər DYP idarəsi istənilən qəzanı törədən maşını avtomatik tapa bilirsə, deməli, həmin maşının kimə məxsus olduğunu da aşkar edə bilər: "Planlıdır. Məqsəd siyasi mühacirləri qorxutmaq, onlar üzərində güc nümayiş etdirməkdir. Ən başlıcası isə bu, cinayətdir və insan oğurluğudur. Özünə hörmət edən hakimiyyət onun saxlanması, tapılması barədə məlumat verməlidir. Həbsdən azad olmalıdır və onu həbs edən şəxslər cəzalandırılmalıdır”.
 
Fəalın saxlanması ilə bağlı Müsavat Partiyası da bəyanat yayıb. 

Bəyanatda deyilir ki, Azərbaycan hakimiyyətinin azad düşüncə sahiblərinə qarşı repressiyası davam edir: "Müsavat Partiyası Suraxanı rayon təşkilatının üzvü Azad Həsənov bu repressiyanın növbəti hədəfidir. Siyasi mühacir kimi Litvada yaşayan Azad Həsənov oktyabrın 11-də ölüm ayağında olan xəstə atasına baş çəkmək üçün Bakıya gəldikdən bir neçə saat sonra yaşadığı Hövsan qəsəbəsində özlərini polis kimi təqdim edən mülki geyimli şəxslər tərəfindən tutulub və 662 dövlət nömrə nişanlı qara "Hundai” avtomobili ilə naməlum ünvana aparılıb. Azad Həsənovun saxlanmasının səbəbləri barədə onun ailə üzvlərinə heç bir məlumat verilməyib. Bir sutkadan artıq vaxt keçməsinə baxmayaraq, onun, ümumiyyətlə, harada saxlandığı barədə heç bir məlumat almaq mümkün olmayıb. Azad Həsənov faktiki olaraq itkin düşüb və onun həyatı təhlükədədir. Müsavat Partiyası hakimiyyətdən qisasçılıq və repressiya siyasətinin dayandırılmasını, hüquq-mühafizə orqanlarından Azad Həsənovun harada olduğu barədə dərhal məlumat verilməsini, əgər həbs edilibsə, azad olunmasını tələb edir. Müsavat Partiyası bütün hüquq-müdafiə təşkilatlarını, o cümlədən Ombudsman Aparatını Azad Həsənovun həyatına olan təhlükənin aradan qaldırılması istiqamətində tədbirlər görməyi çağırır”.
 
Gülzar N. Məmmədli
Toplum TV