20:44, 13 Fevral 2018 (Çərşənbə axşamı) 212

Müsavat növbədənkənar seçkinin ləğvini istəyir

Müsavat növbədənkənar seçkinin ləğvini istəyir
"2018-ci il aprelin 11-nə təyin olunan növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi haqqında Sərəncamın saxta referendumun nəticələrinə əsaslandığı, hakimiyyət tərəfindən əsaslı, inandırıcı izahatın verilmədiyi, ölkədə seçkiqabağı demokratik şəraitin olmadığını nəzərə 
alaraq növbədənkənar Prezident seçkiləri ləğv edilsin”.

Bu fikirlər Müsavat Partiyası Məclisinin qərarında əks olunub.

Məclis ölkə başçısının növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında sərəncamını müzakirə edib.

Məclis hesab edib ki, 2016-cı ildə keçirilən saxta Referendumun nəticələrinə əsasən Seçki Məcəlləsinin "Seçici siyahılarının tərtib edilməsi” və digər maddələr pozulub, seçkilərin səmərəli müşahidəsinin, o cümlədən beynəlxalq müşahidənin təşkili qeyri-mümkün edilib. Buna görə də Məclis qərara alıb ki, seçki qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə Müsavat Partiyasının digər müxalifət qüvvələri ilə birlikdə hazırladığı ən zəruri əlavə və dəyişikliklər, ilk növbədə seçki komissiyalarında iqtidar və müxalifət nümayəndələrinin bərabər sayda, paritet əsasda təmsil olunması müzakirəyə qəbul edilsin.

Həmçinin prezident seçkilərində iştirak etmək niyyətini bəyan etmiş bütün namizədlərə imkanlar tanınsın.

Bundan başqa, beynəlxalq müşahidəçilərin seçki prosesində iştirakı, söz, ifadə, mətbuat və sərbəst toplaşma azadlıqları təmin edilsin, siyasi məhbuslar azad olunsun.

"2018-ci il aprel ayının 11-nə təyin olunan növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə qarşı mübarizənin təşkil edilməsi istiqamətində real müxalifət qüvvələri ilə müzakirələrin başlanması məqsədəuyğun hesab edilsin” – Məclisin qərarında vurğulanır.