20:24, 01 Mart 2017 (Çərşənbə) 4245

"Multikulturalizm boş bir ideya idi, çökməli idi, çökdü də..." - Erkin Qədirli

Beynəlxalq aləmdə, xüsusilə Avropada sağçıların yüksəlişi, radikallığın artması müşahidə olunur. Trampın gəlişi isə Qərbdə siyasi ab-havanı bir az da tündləşdirib. Buna səbəb nədir? Avropaya inteqrasiyaya can atan Azərbaycanı nə gözləyə bilər? 

Toplum TV bu və digər suallara REAL Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli ilə cavab tapmağa çalışıb.

- Brexit, Tramp və Fransadakı növbəti seçkidə Marine Le Penin yüksəlişi görünür. Sizcə, Qərb siyasətində nələr olur? Niyə özünə qapanma, radikallıq artır? Bu proseslər nəyin göstəricisidir?

- Bunun çox səbəbi var və uzun sürən prosesdir. Sadəcə, indi açığa çıxıb. Əslində, bu, altdan çoxdan yetişib. Əgər iqtisadi tərəfini  götürsək, bunun 2008-dən başladığnı görərik. Bilirsiniz ki, 2008-ci ildə dünyanı maliyyə böhranı bürümüşdü, ABŞ-a xüsusilə böyük zərbə dəymişdi. ABŞ-da xeyli müflisləşən bank, şirkət oldu. Ölkə bu böhrandan çıxmaq üçün bir çox xarici xərcini kəsməli oldu. O cümlədən Avropada təhlükəsizlik xərclərini azaltdı. Elə NATO çərcivəsində əsas maliyyə yükünü ABŞ çəkir. Avropanın bütün təhlükəsizlik xərclərini ABŞ çəkir, orada bazalarını yerləşdirib. Ona görə Avropa ölkələri uzun müddət ərzində təhlükəsizlik xərclərinə pul xərcləməyə ehtiyac duymayıblar. Onlar hərbi xərclərin yerinə həmin pulları sosila-iqtisadi layihələrə xərcləyiblər. Ona görə də Avropada sol partiyalar uzun müddət iqtidarda ola biliblər. ABŞ təhlükəsizlik xərclərini kəsməli oldu və Avropa ölkələri də öz təhlükəsizliyi haqqında düşünməyə məcbur edildi. 2008-ci il həm də Rusiyanın Gürcüstana təcavüz etdiyi ildir. Məhz həmin il Avropa ölkələri öz təhlükəsizliyini təmin etmək üçün Rusiya ilə bağlı ciddi düşünməyə başladılar.  Nəticədə sosial xərclərdən kəsib hərbi xərcləri artırdılar. Bu da təbii ki, işsizliyin, yoxsulluğun sayını artırdı, miqrantların vəziyyətini pisləşdirdi. Ona görə təhlükəsizlik qayğılarının artması fonunda sağ partiyalar güc qazanmağa başladı. Solçular multikultiralizmi çox tətbiq etməyə çalışdı. İkinci Dünya Müharibəsindən sonra birinci nəsil miqrantlar xeyli dərəcədə Avropa cəmiyyətinə inteqrasiya olundu. İkinci nəsil, hansı ki Avropada doğulanlar və sonra gələnlər - onlar  inteqrasiya eləmək istəmirdi. Xüsusi olaraq da yeni dalğa.  

Avropada olanlar görüb, Brüsseldə, Berlində və bir çox şəhərlərdə ərəb, türk məhəllələri var. Böyük məhəllələrdi. Onlar inteqrasiya eləmə istəmirlər, dil öyrənmirlər. Dil də öyrənməyəndə iş tapa bilmirlər. Amma bununla bərabər onlar hökumətdən pul alırdılar. Və bu, həmin o multikulturalizm siyasətinin çərcivəsində edilirdi. Multikultiralizmin əsas ideası o idi ki, inteqrasia olunmursa, heç olmasa dinc birgəyaşayış olsun və öz mədəniyyəti çərçivəsində qalsın. Hətta Britaniyada bunun artığını belə etməyə çalışdılar. Londonda müsəlmanlar üçün ayrıca şəriət məhkəməsi fəliyyət göstərir. Ancaq mülki işlərdə Britaniyada yaşayan müsəlmanlar öz aralarındakı mübahisəni islam hüququna görə həll etmək istəyirlərsə, onlar bunu edə bilər. Arbitraj kimi. Amma multikulturalizm ideyası başlanğıcda boş bir ideya idi. Çökməli idi və çökdü də.  Çünki inteqrasiyanı əksinə olaraq əngəlləyir. Məsələn, Almaniyada müsəlmanlar uşaqlarını uşaq bağçasına qoyurdular. Bağçada uşaqlara donuz ətindən yemək verirdilər. Müsəlmanlar gəlib deyirdi ki,  donuz əti verilməsin. Uşaq bağçası deyirdi, yaxşı, sizin uşaqlara vermərik. Onlar da deyirdi, yox, bizim uşaqlar olan yerdə donuz əti verilməsin. Yəni belə xırda məişət mübahisələrindən tutmuş böyük siyasi problemlərə qədər məsələlər böyüyürdü. Mədəni fonda da sağ partiyaların toplumdan aldığı güc bununla bağlıdır. Miqrantlar gəlib dil öyrənmir, iş tapa bilmir, əksinə onların verdiyi vergilər hesabına burda otururlar. Və insanların ümumi narazışılığından güc alırlar. Amma təməldə təbii ki, bu, uzun sürən bir proses olduğu üçün içərisində maliyyə, mədəni problelər, təhlükəsizlik qayğıları var. Eyni zamanda Avropa Birliyinin özünün çox ciddi maliyyə problemləri var. Yunanıstan müflis olmuş bir ölkədir. Hətta ona verilmiş 300 milyard avro belə böhrandan çıxmalarına yetmədi. İtaliya, İspanya, Portuqaliya, ümumiyyətlə, Avropanın cənubu çox çətin maliyyə durumundadır. Avropanın şimalında nisbətən varlı olan ölkələr cənubda olan ölkələrin maliyyə yükünü daşımaq istəmirlər. Ona görə orada avro zonadan və hətta Avropa Birliyindən çıxmaq haqqında ciddi düşünürlər. Brexit bunun ilk örnəyidir. Başqa ölkələrdə də bu cür iddialar var. Avropa Birliynin qorunub saxlanılmasında yeganə maraqlı ölkə Almaniyadır. Miqrantların qəbul edilməsində də ən tolerant, liberal ölkə Almanyadır. Bunun da öz səbəbləri var. Almaniyanın iqtisadiyyatı ixracatdan çox asılıdır. Almanyanın istehsal etdiyi məhsulların böyük əksəriyyəti xaricə satılır. Avropa Birliyi, avro zona dağılarsa, Almaniyanın iqtisadiyyatına böyük zərbə dəyəcək. Bu, Almaniyanın içində müəssisələrin bağlanmasına, işsizliyin artmasına gətirib çıxara bilər. Almaniyanın maliyyə gücündən çox çəkinən və hətta onu özünə təhlükə bilən Fransa olub həmişə. Ona görə də Fransanın Avrop Birliyi çərçivəsində Almaniya ilə öz rəqabəti var. Bütün bunları bir yerə yığsan, niyə sağın, hətta aşırı sağın baş qaldırmasını, güc toplamasını anlamaq çox da çətin deyil. 

- Bu üç ölkə - ABŞ, Böyük Britaniya və Fransa BMT-nin beş daimi üzvündən üçüdür. Bu ölkələrin siyasətinin dəyişməsi dünyanın xarici siyasətində hansı dəyişikliklərə gətirib çıxaracaq?

- Maraqlı sualdır. Yeri gəlmişkən mən birinci suala cavab verərkən NATO-nun əsas maliyyə yükünün ABŞ üzərində olduğunu demişdim. Tramp hakimiyyətə gələrkən və hətta vədlər verəndə belə demişdi ki, NATO artıq faydasızdır, əlavə maliyyə yüküdür. Maliyyə yükü ilə bağlı haqlıdır. Tramp hətta demişdi ki, NATO üzvləri öz ümumi daxili məhsullarının iki faizi qədər üzvlük haqqı verməlidirlər. Bu, əslində, NATO-nun təməl anlaşmalarında var. Əksər ölkələr, xüsusi ilə Şərqi Avropa ölkələri bunu etmir. Bu xərci də Amerika çəkir. Tramp da bunu istəmir. Hətta Trampdan öncə də bir neçə beyin mərkəzləri belə bir iddia irəli sürmüşdü ki, NATO qalsın, amma onun böyük müdafiə və təhlükəsizlik faydası qalmayıb ABŞ üçün. ABŞ regional ikitərəfli, üçtərəfli müdafiə vasitələrindən istifadə etməlidir. Yəni bu, bir fikirdir hələ ki. Çeşidli təkliflər var idi. Amma Rusiyanın Ukraynaya təcavüzündən, Krmın faktiki olaraq işğalından sonra ABŞ-ın münasibəti dəyişdi. Hətta Obamanın vaxtında. Ona görə ABŞ məcbur oldu ki, yenidən Avropada təhlükəsizlik xərclərini artırsın və o cümlədən orda öz hərbi varlığını da gücləndirsin. Onların "İntermarium" deyilən bir doktrinası var. Baltik dənizindən Qara dənizə qədər olan ərazidə, Rusiya ətrafında təhlükəsizlik zolağı yaratmaq fikrindədirlər. Və artıq əksər ölkələrlə anlaşıblar. Bir tək Macarıstan qalıb. Hər yerdə bazalarını düzürlər. Növbəti mərhələdə də Qara dənizdən Xəzər dənizinə qədər olmalıdır. Xəzərə gəlişi bir az yubanır və başqa problemlərlə əlaqəlidir. Gürcüstana yavaş-yavaş girir. Bilirsiniz ki, NATO-nun orda hərbi təlim mərkəzi var. O ad altında yavaş-yavaş ölkəyə girəcəklər. Ona görə də ABŞ istər təklikdə, istərsə də NATO ilə birlikdə bu strategiyanı yürüdəcək. Məncə, Britaniyada Brexitin buna heç bir təsiri olmayacaq. Britaniya ilə ABŞ kəşfiyyat, əks-kəşfiyyat və müdafiə sistemlərini o qədər uyğunlaşdırıblar ki, bu da strateji müttəfiqliyin qalıcı olmasını şərtləndirir. Fransa burada nə yer alacaq, onu bilmirəm. Bunu demək olmur. Fransa uzun müddət əvvəl, De Qoll vaxtı NATO-nun hərbi blokundan çıxmışdı, ancaq siyasi anlaşmada qalmışdı. Yalnız Sarkozi prezident olandan sonra hərbi bloka qayıtdı. Növbəti seçkilərdə kim qalib gələcək və onun siyasəti nə olacaq, onu dəqiq demək olmur. Amma Fransanın NATO-dan çıxmasına hələ inanmıram. Fransa Britaniya və Amerika qədər güclü ölkə deyil, baxmayaraq ki, nüvə ölkəsidir. Donanmaları, dünyada hərbi bazaların əhata dairəsini götürsək, Fransa bu iki ölkə ilə müqayisəyə gəlməz. Almaniya o baxımdan ondan da zəif ölkədir. Donanması da zəifdir, nüvə silahı yoxdur. Baxmayaraq ki, hərbi mühəndis texnikası güclüdür. 

- Marin Le Penin bu gün sorğularda irəlidə olması nə ilə əlaqədardır? 5 ildə Fransada nə dəyişdi ki, səslər soldan radikal sağa doğru getdi? 

- Bu beş ildə konkret indiki prezident Fransua Olland Fransa tarixində ən aşağı reytinqli prezidentə çevrildi. Onun bir çox ziddiyyətli qərarı oldu. Bu da ölkədə böyük narazılıqlar yaratdı. İstər əmək qanunvericiliyində olan islahatlarla bağlı, istər pensiya yaşı, istərsə də gənclərin işə düzəlməsi ilə bağlı etirazlar oldu. Vergi sahəsində çox qeyr-populyar islahatlar edildi. Çox varlıların üzərinə 75 faiz vergi qoyuldu. Bu da kapital axınına səbəb oldu. Bir çox varlı ya ölkədən köçdü, ya da pullarını ölkədən çıxardı. Yeri gəlmişkən, əmək qanunvericiliyinə edilən dəyişiklikdən sonra da ölkədən beyin axını var. Amerikaya köçən gənc alimlərin sayına görə Fransa az qala Avropada birinci yerdədir. Çox gənc alim Fransada karyera qura bilmədiyi üçün köçür. Xarici siyasətlə bağlı da bəzi gözləntilər vardı, xüsusən Orta Şərqdə. Fransanın üzərində nüfuzu olan ölkələr də nüfuzunu işlədə bilmədi. Buna görə də ümumi solun böhranı ilə bərabər Ollandın da şəxsiyyəti və verdiyi qərarlar təsir göstərdi. Heç növbəti dəfə namizədliyini də vermədi. 

- Azərbaycan ölkənin vizyonunu Avropaya inteqrasiyada görür. Avropa Birliyində parçalanma prosesi başlayıbsa, ora gedənə qədər birlik dağılacaqsa, hansı siyasəti güdməliyik?

- Bizim vizyonumuz Avropa Birliyinə üzv olmaqdan daha böyükdür. Biz Avropa Birliyinə üzv ola biləcəyikmi, bilməyəcəyikmi, o vaxta qədər birlik qalacaqmı, qalmayacaqmı,  onlar bizi qəbul edəcəkmi, etməyəcəkmi, bunlar çox nisyə söhbətlərdir. Avropaya inteqrasiya Avropa Birliyinə üzvlükdən daha böyük mövzudur. Avropaya inteqrasiya Avropa standartlarını qəbul etmək və mənimsəməkdir. İstər elmi, istər texnoloji, səhiyyə, mühəndislik, seçki, məhkəmə, parlamentarizm - yəni bunlardır. İşin texnoloji tərəfini götürməkdir. Bunlar hamsı Avropaya inteqrasiya mövzularıdır.  Avropa Birliyi isə bir xəyaldır, praktik bir məqsəd deyil. Təkrar edirəm, bəlkə, həmin zamana qədər Avropa Birliyi qalmadı, yaxud başqa hal aldı. Amma Avropa standartları həmişə qalacaq. Ona görə də Avropaya inteqrasiya standartları qəbul etməkdir. Bizdə isə o siyasət yürüdülmür.

- Amerikanların dənizdən dənizə siyasətində Xəzər varsa, bizim NATO və amerikanlarla əməkdaşlığmız hansı səviyyədədir? 

- Əslində Azərbaycan elitası - iqtidar da,  müxalifət də qərbyönümlüdür. Ümumi görüntü belədir. Bəzi detallarda fərq var. Sadəcə olaraq iki böyük problem var bizdə: Birinci, Qarabağ məsələsi. Heç şübhəsiz, bunun təsiri çox böyükdür. İşğal altında olan torpaqlarla bağlı Azərbaycanın Qərbə bağladığı ümidlər özünü doğrultmadı. Ən azından gözlədiymizi ala bilmədik. Ümid vardı ki, Qərblə yaxınlaşsaq, Qarabağ məsələsi daha asan həll olunacaq. Burada məntiq var, çünki Qarabağın bir münaqişə olaraq Rusiyadan qaynaqlandığını bildiyimizdən, biz də Rusiya ilə baş-başa bacara bilmədiymizdən Qərblə, xüsusi olaraq da Amerika ilə yaxınlaşmaq istəyirik. Strateji olaraq doğru qərardır. Sadəcə, bunun gercəkləşməsində əlavə problemlərlə üzləşdik. Məlum oldu ki, bizi Qərbin özündə az tanıyırlar və erməniləri 1915-ci ilə görə daha çox tanınırlar. Onlara qarşı müsəlman-türklər arasında sıxılan kiçik xristian xalqı steriotipi də var idi.  

Başqa siyasətləri də vardı, təbii ki, türk-müsəlman dünyası ilə bağlı. Bunlar bizdən qaynaqlanmır, bunun tarixi böyük kökləri var. Biz də bu siyasətin içinə düşdük. Nəticədə Qərbin simpatyasıda ermənilər tərəfdə oldu. 1992-ci ildə ABŞ-da qəbul edilən 907-ci düzəliş hələ də qüvvədədir. Baxmayaraq ki, tədbiq olunmur. Prezidentlərin belə bir səlahiyyəti var ki, hər il onu ertələyə bilər, amma hər an da yenidən işlədilə bilər. Uzun illər ABŞ Dağlıq Qarabağa, separatist bir bölgəyə birbaşa maliyyə yardımı ayırırdı. Fransanın indiki prezidenti Oland da Fransanı Ermənistanın bacısı adlandırır. Bu ölkələr Mins Qrupunun həmsədrləridir. Azərbaycan BMT-nin Baş Məclisində Qarabağla bağlı müzakirələr başladanda iki qətnamə qəbul edildi. İkisində də bu üç həmsədr Rusiya, ABŞ və Fransa əlehinə səs verdi. Buna görə Azərbaycan haqlı olaraq Qərblə, NATO ilə inteqrasiyada tələsmir. NATO-nun bizdən nə istədiyi məlumdur. Onun bizə də faydası var. Amma bizim birbaşa öz faydamızı bizə vermir. Əgər NATO əsgəri bura gələcəksə və Qarabağ hələ də işğal altında qalacaqsa, nəyə gəlir? Bu haqlı sualdır. Gəlirsə, Qarabağ bizə qaytarılırsa, ümumi paket anlaşmasında bu yaxşıdır. Yox, Qarabağ işğalda qalırsa, bunun nə faydası var?  Bununla yanaşı, Rusiyanın təhlükəli siyasəti var. Biz Gürcüstanda və Ukraynada nələrin olduğunu gördük. Düzdür, biz bunları 90-cı illərin əvvəlində yaşadıq. İşğal Azərbaycanın müstəqilliyinə ödədiyi bədəl idi. Ermənistan görürsünüz ki, tam Rusiyanın əlindədir. Ona görə də prinsipcə, Azərbaycan hər zaman NATO ilə, ABŞ-la əməkdaşlıq etməyə  hazırdır. Amma sadəlövcəsinə yox, öz faydamızı, qayğılarmızı həll edəndən sonra və yaxud onunla yanaşı...

Qara Məhəmmədoğlu
Toplum.Tv