12:18, 26 Aprel 2017 (Çərşənbə) 1100

"Mübarizəyə daha da bağlanıram" - MÜSAHİBƏ

AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim artıq iki ildir ki, azadlıqdan məhrum edilib. 

O, 2015-ci ildə Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi ilə təqsirləndirilərək 3 il müddətinə həbs olunub. 

Məmməd İbrahim  ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu deyir. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyır. 

Toplum Tv-nin "Siyasi məhbus ailələri” rubrikasının növbəti müsahibi Məmməd İbrahimin oğlu Turan İbrahimdir.  

Turanla siyasi məhbusun vəziyyəti, problemləri barədə danışdıq.

– Turan, Məmməd bəylə görüşürsünüz? Görüşlərinizə bir problem yaradılmır? 

- Bəli görüşürük,  heç bir problem yaratmırlar. Həftədə bir dəfə görüş verirlər, biz də görüşürük. 

– Son dəfə Məmməd bəyi nə vaxt görüşmüsünüz? Vəziyyəti necədir? 

- Keçən həftə görmüşük. Vəziyyəti yaxşıdır. 

– Atanızın apardığı mübarizəni bu gün siz də aparırsınız. Necə oldu siyasi proseslərə qoşuldunuz? Bunda atanızın hər hansı təsiri olub?  

- Bəli, olub. Atam mitinqlərə gedirdi, mən də ondan görüb-götürmüşəm hər şeyi.

– Əqidə dotlarından kimlər maraqlanır onunla?

- Sağ olsunlar, başda Əli bəy olmaqla bütün partiya üzvləri maraqlanır. 

– Məmməd bəyin həbsindən sonra ailənin durumu necədir?

- Elə də ciddi problemimiz yoxdur. Yanına gedəndə də bütün maddi, mənəvi köməkliyi partiya edir. 

–  Sizcə, hakimiyyət siyasi fəalları həbs etməklə nəyə nail olmaq istəyir? Bu siyasi fəalların mübarizə əzmini qırmaqdır, yoxsa necə? 

- Bəli, hakimiyyət bu həbsləri ilə ölkədə siyasi fəalların mübarizə əzmini qırmaq istəyir. Amma gördüyünüz kimi, heç bir fayda vermir. Əksinə, hakimiyyətin bu addımları ilə proseslərə daha çox adam qoşulur. Mən şəxsən bunun öz partiyamızda müşahidə etmişəm.
 
– Bir çox siyasi məhbus vaxtından əvvəl əfv olunaraq azadlığına qovuşur. Nə zamansa Məmməd bəyin də əfv olunaraq vaxtından əvvəl azadlığına qovuşacağına inanırsızmı? 

- Özündən yana gözləntisi yoxdur. Çünki onun heç bir günahı yoxdur. Amma çətinlikləri olan Asif Yusifli və digər yoldaşları üçün gözləyirdi. Onların çıxmağını daha çox istəyirdi. 

–  Atanızın həbsi və uzun illərdi apardığı mübarizənin nəticəsiz qalması sizi mübarizədən soyutmur ki? Sizcə, bu mübarizənin bir nəticəsi olacaq?
 
- Xeyr, əsla soyutmur. Əksinə, mübarizəyə daha da bağlanıram. Əlbəttə, bir gün mütləq mübarizəmizin nəticəsi olacaq. Belə davam edə bilməz. Mənim mübarizə əzmim daha da yüksəkdir. 

– Müxalifətin bugünkü fəaliyyətini necə qiymətləndirirsiniz? Meydanda mübarizə aparan bir gənc kimi birliyə gəlməyən siyasi təşkilatlara nə demək istərdiniz?

- Müxalifətin bugünkü fəaliyyətini qənaətbəxş saymaq olar. Əsasən mən AXCP-ni fəaliyyətinə görə daha irəlidə görürəm. Ən çox siyasi məhbus verən də AXCP-dir, mübarizədə də AXCP öndə gedir. Birlik məsələsinə gəlincə, hər partiyanın öz siyasi xətti var, birliyə gəlib-gəlməmək məsələsini özü bilər, öz işləridir. Birlik əvvəl olub, əslində, bu gün birliyə gəlməmələrində bir problem yoxdur. 

– Sizcə, müxalifət bu gün hansı problemlərlə qarşı-qarşıyadır?

- Müxalifətin bu gün bütün imkanları məhdudlaşdırılıb, televiziyaya çıxış imkanları yoxdu, ölkədə ifadə azadlığı boğulur, insanları şərləyərək həbs etməklə mübarizə aparmalarına imkan vermirlər. Bütün bunlar hökumətin müxalifətə elədikləridir. 

Vüsal Əfəndi
Toplum.Tv