11:44, 12 Aprel 2018 (Cümə axşamı) 140

“MTN qurbanları” özlərini yandırmaq istədilər

“MTN qurbanları” özlərini yandırmaq istədilər
İntihar edəcəklərini deyən vətəndaşlar bunu sübut etməyə çalışıblar

Özlərini "MTN qurbanları” adlandıran Azərbaycan vətəndaşları Sevda Süleymanova və Elmidar İsmayılov Şəhidlər Xiyabanında aksiya keçiriblər. Problemləri həll olunmazsa, intihar edəcəklərini deyən vətəndaşlar özlərinə od vurmaqla bunu sübut etməyə çalışıblar. Nəticədə E.İsmayılovun əlləri yanıb.

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən təzyiqlərə məruz qalan vətəndaşlar haqlarının bərpa olunmasını istəyirlər.

"5 ildir küçələrdəyik. MTN-in 5 nəfər əməkdaşı ailəmi döyüb, həyatımı məhv edib. Bu barədə bütün qurumlara məlumat vermişik. Prezident seçkiləri ilə bağlı keçirilən debatlardan sonra Əli Əhmədova, Zahid Oruca, Sərdar Cəlaloğluna da deyilib. Dünən Əli Əhmədovla görüşüb dedik ki, özümüzü yandıracağıq”- E.İsmayılov deyir.

S.Süleymanovanın sözlərinə görə, üz tutduğu qurumlarda ona "məhkəmə həyat yoldaşınızla bağlı qərar çıxarıb. Biz ona kömək edə bilmərik” deyilib:

"Əgər yoldaşım günahkardırsa, mənim başıma açılan oyunlara nə deyirlər? Evimi əlimdən alıblar, özümün şəkillərimi çəkiblər, başıma hər oyun gətiriblər. Biz debatda olanlara da dedik, bu haqsızlığa son qoyulmasa, özümüzü yandıracağıq”.

Sevda Süleymanovanın sözlərinə görə, həyat yoldaşı Qüvvətəli Süleymanov 2012-ci ildə əsassız olaraq həbs edilib:

"Mənim yoldaşım "Afina” MMC tikinti şirkətində iş icraçısı və pay sahibi olub. Lakin bir qəpik pul götürməyib. 2012-ci il fevral ayının 25-də həmin şirkətin maliyyə işlərinə baxan Nail Şahverdiyev ona zorla ərizə yazdırıb, imza atdırıb. Həmin vaxt Nail zəng edib "Akula Akif” ləqəbi ilə tanın Akif Mustafayevə. O, da deyib ki, deyilənlərə imza at, yoxsa sənin də, ailənin də başınızı kəsərəm. Bundan sonra Qüvvətəlini həbs etdilər. Guya adamlara ev satıb pullarını mənimsəyib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Biz hökmdən narazı qalaraq apelyasiya şikayəti verdik. Bizi hədələyirdilər ki, heç yerə şikayət etməyin. Bakı şəhər Prokurorluğunda çalışan Naibə Tağızadə adlı qadın da guya həmin şirkətdən ev almaq istəyib və aldadılıb, lakin şikayətçi olmayıb. Bizə deyirdilər ki, əgər şikayət etsəniz, Naibə də sizdən şikayətçi olacaq. Bakı Apelyasiya Məhkəməsi Qüvvətəlinin cəzasını 10 ildən 9 ilə endirdiyi gün, Naibə Tağızadə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etdi ki, guya Qüvvətəli Süleymanov onu da aldadıb. Bundan sonra onun işi ilə bağlı yenidən məhkəmə prosesi keçirildi və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qüvvətəlinin cəzasına 6 ay da əlavə edildi. Həyat yoldaşım uzun illər tikinti sahəsində çalışıb. Tikinti şirkətlərindəki bütün nöqsanları yoldaşımın üzərinə ataraq vəzifəli himayədarlarının köməkliyi ilə onun həbsinə nail olublar. Bununla kifayətlənməyib ailəmizə məxsus əmlakı da ələ keçirməyə çalışırlar. Hüquq-mühafizə orqanlarında çalışan bəzi vəzifəli şəxslər də bu prosesdə iştirakçıdır. Mən dəfələrlə əlimdə olan faktları hüquq-mühafizə orqanlarına təqdim edərək, həmin şəxslər barəsində tədbir görülməsini xahiş etmişəm. Bununla bağlı Baş Prokurorluqda və Daxili İşlər Nazirliyində qəbulda olsam da, heç bir tədbir görülməyib. Əksinə, məni dəfələrlə zorla polis maşınına basaraq Bakı Şəhər Baş Polis İdarəsinə aparıblar. Bizim ailənin başına gətirilən oyunlarda məhkəmə, prokurorluq, polis orqanlarının əməkdaşları iştirakçıdır”.

Elmidar İsmayılov isə deyir ki, 2014-cü ilin yanvarında yas mərasimindən qayıdarkən "KİA” markalı avtomobil atasının idarə etdiyi maşını vurub:

"Maşından beş nəfər düşərək atamı döyməyə başlayıb. Atamın qəza törətdiyini eşidəndə hadisə yerinə getdik. Ora çatanda həmin şəxslər məni də döyməyə başladılar. Onlar MTN-nin "Qartal” məxfi qrupunun əməkdaşları idilər. Bizə dedilər ki, Bəylər Əyyubovun qohumları, Robertin dostlarıdırlar. Onlar sərxoş idilər. Biz şikayət etdik. Lakin müstəntiq işi qərəzli araşdırdı. Onlar sonradan xahiş edirdilər ki, şikayət etməyək və buna görə bizə 10 min manat pul təklif etdilər. Razılaşmadıq. Biz xəsarət almışdıq, xəstəxanada yatırdıq. Bunlar da gedib xəstəxanadan yalandan sənəd alıblar ki, guya biz onları döymüşük. Buna görə mənə xuliqanlıq, atama yol qəzası törətmə ittihamı ilə cinayət işi açdılar. Hər ikimizi işdən çıxartdılar. Biz sonradan bəraət aldıq. Lakin bizə heç bir kompensasiya ödənilmədi və şikayətimizə baxan olmadı. Üç ay Artur Rəsizadə və Ramiz Mehdiyevin işə getdiyi yolda durub şikayət ərizəmizi yelləmişik ki, bizi qəbil eləsinlər. 2016-cı ilin may ayında Ramiz Mehdiyevin yoluna çıxıb ərizəmizi yelləyirdik. Həmin vaxt bizi tutub Yasamal rayon Polis İdarəsinə apardılar. Əvvəlcə bizi aldatdılar. Dedilər ki, Ramiz Mehdiyev tapşırıb ki, şikayətimizə baxılsın. İdarəyə gətirdikdən sonra bizdən tələb etdilər ki, izahat yazaq və bir daha həmin yola çıxmayaq. Lakin biz bundan imtina etdik. Dedik ki, bizim şikayətimizi ona çatdırın, biz bir də yola çıxmarıq. Bir neçə saatdan sonra bizi buraxdılar. Aprel ayında isə Baş nazir Artur Rəsizadənin yoluna çıxmışıq. Həmin vaxt da bizi tutub Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə apardılar. Orda da bizdən iltizam almaq istədilər, lakin biz razı olmadıq və bir neçə saatdan sonra bizi buraxdılar”.

Bu şəxslər dəfələrlə aksiya keçiriblər. 2016-cı ildə Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Vətəndaşlar Azərbaycanın dövlət strukturlarında üzləşdikləri hüquq pozuntularına kəfən geyinərək etiraz ediblər.

Sonuncu belə aksiya keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun evinin qarşısında keçirilib.