12:01, 08 Dekabr 2017 (Cümə) 135

Minsk Qrupunun həmsədr ölkələri birgə bəyanat yayıb

Minsk Qrupunun həmsədr ölkələri birgə bəyanat yayıb
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Vyanada keçirilən 24-cü Nazirlər Şurasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri - Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Reks Tillerson və Fransanın ATƏT yanında daimi nümayəndəsi Veronika Roger Lacan birgə bəyanatla çıxış edib.

Sənəddə deyilir ki, həmsədr ölkələr Helsinki Yekun Aktı və bu aktda göstərilən güc tətbiq etməmək, güc tətbiqi ilə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquq və xalqların öz müqəddəratını təyin etmək prinsiplərini əsas götürərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün vasitəçilik missiyasında birgə mövgedən çıxış etdiklərini bir daha təsdiq edir.

"Biz region xalqlarının həqiqətən barışması üçün yeganə yol olan münaqişənin danışıqlar yolu ilə həllinə dair birgə öhdəliyimizi bir daha təkrarlayırıq. Danışıqların oktyabrın 16-da Vyanada yüksək səviyyədə bərpasını və ATƏT-in Minsk qrupu həmsədrlərinin təşkilatçılığı ilə xarici işlər nazirlərinin dekabrın 6-da keçirilən görüşünü alqışlayırıq. İntensiv dialoqdan razılığımızı ifadə edirik və tərəfləri öz səylərini siyasi nizamlanmanın substantiv məsələlərində güzəştli həllə kökləməyə çağırırıq. Hər hansı təxirəsalma vəziyyəti yalnız çətinləşdirə və tərəflərin davamlı həllə nail olmaq istiqamətindəki öhdəliklərini sual altına qoya bilər.

Prezidentlərin təmas xəttində gərginliyin azaldılması istiqamətində əlavə tədbirlərin görülməsinə dair üzərilərinə götürdükləri öhdəlikləri rəhbər tutaraq, Yerevan və Bakını ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin genişləndirilməsini qəbul etməyə çağırırıq. 2016-cı ildə Vyanada və Sankt-Peterburqda keçirilmiş sammitlərdə qəbul edilmiş digər qərarlar da icra edilməlidir. Həmsədrlərin Ermənistan və Azərbaycan xalqları arasında təmasların bərpasına yönəlmiş təkliflərini tərəflərin nəzərdən keçirməsini və itkin düşmüş şəxslərlə bağlı məlumat mübadiləsində Beynəlxalq Qızıl Xaç Komitəsini dəstəklədiklərini alqışlayırıq. Tərəfləri bu kimi mühüm humanitar addımları siyasiləşdirməkdən çəkinməyə təşviq edirik", bəyanatda qeyd edilir.

Həmsədr ölkələr davamlı sülhə nail olmaq üçün tərəflərlə sıx əməkdaşlıq etməyə hazırdır.

"Tərəflərə təqdim olunmuş işçi təkliflərə dair kompromislərin təşviqi üzrə həmsədrlərimizə vasitəçilik fəaliyyətini davam etdirməyi tapşırmışıq, lakin Dağlıq Qarabağ münaqişəsinə son qoyulması üçün əsas məsuliyyət Ermənistan və Azərbaycan liderlərinin üzərinə düşür", sənəddə deyilir.