16:12, 10 Yanvar 2017 (Çərşənbə axşamı) 103

Milyonluq dövlət əmlakı özəlləşdirilib

Milyonluq dövlət əmlakı özəlləşdirilib
Yanvarın 10-u Bakıda və regionlarda baş tutan hərracda fiziki, hüquqi şəxslər 30 dövlət əmlakına sahib olub.

Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidməti məlumat verir.

3 qeyri-yaşayış sahəsi və bir çox nəqliyyat vasitəsinin satışı zamanı bir neçə iddiaçı iştirak edib və onlar daha yüksək məbləğ təklif edilənlərə satılıb.

Məsələn, Bakının Xətai rayonundakı qeyri-yaşayış sahəsi 150 min manata satılıb.

Bakıda cəmi 2 kiçik müəssisə və 12 qeyri-yaşayış sahəsi alınıb.

Budəfəki hərrac nəticəsində dövlət büdcəsinə 1.1 milyon manat, o cümlədən "Araz" Avtomotoservis Müəssisəsinin satışından 717 min 600 manat vəsaitin köçürülməsi təmin ediləcək.

Qeyd edək ki, ötən il iyulun 19-da prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliyinin artırılması ilə bağlı fərman imzalayıb.

Bundan sonra ölkədə özəlləşdirmənin yeni mərhələsi start götürüb. Bir sıra hərraclar keçirilib.

Dövlət əmlakının özəlləşdirilməsi haqda birinci qanun 1995-ci ildə qəbul edilib. 2000-ci il avqustun 10-da isə prezident «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın təsdiqi haqda fərman imzalayıb.

1996-2015-ci illərdə Azərbaycanda 47 minədək (Naxçıvan Muxtar Respublikası nəzərə alınmadan) kiçik dövlət müəssisəsi və obyektin özəlləşdirildiyi bildirilir.