17:57, 10 Mart 2018 (Şənbə) 215

Milli Şura və Müsavat birgə mitinq keçirdi

Milli Şura və Müsavat birgə mitinq keçirdi
Bu gün, martın 10-da Demokratik Qüvvələrin Milli Şurası və Müsavat Partiyası birgə mitinq keçirib.

Milli Şuranın Koordinasiya Mərkəzinin təmsilçisi Vidadi Mirkamal öz çıxışında hakimiyyəti dürüst olmamaqda ittiham edib.

"Bu hakimiyyət 25 ildir ki, bütün seçkiləri saxtalaşdırır. Hazırkı prezident seçkilərinin özəlliyi var. Bunlar xalqın səsini oğrulayırdılar, ancaq indi bütövlükdə seçkinin özünü oğurlayıblar. Sizlərdən, hətta 5-10 insanın bir yerdə toplaşmasından qorxan bu hakimiyyət seçkiləri 6 ay önə çəkir, seçkini özü bildiyi formada aparmağa çalışır. 15 il ərzində ölkə başçısı Azərbaycana gün ağlaya bilməyibsə, Qarabağı qaytara bilməyibsə, rüşvətxurluğu daha geniş yayıbsa, indən sonra onun yenidən prezident olmasınıən xalqa nə faydası ola bilər?", o, sual edib.

Hakimiyyət təmsilçiləri isə prezident seçkisinin 6 ay önə çəkilməsini bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bir sıra tədbirlərin və beynəlxalq əhəmiyyətli toplantıların keçiriləcəyi ilə izah edib.Prezident İlham Əliyev isə son çıxışlarının birində deyib ki, prezident seçkilərinin azad və ədalətli keçiriləcəyinə inanır.

Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı çıxışında Azərbaycan prezidentinin növbədənkənar seçkilər təyin etməsinə toxunub.

"Müxalifətin birgə mitinqinin əsas səbəblərindən biri də ölkə rəhbəri tərəfindən ogurluq, xalqdan xəbərsiz seçki qərarı verilməsidir. Bu sekilərin xalqdan xəbərsiz olduğunu dünyaya çatdırmaq üçün burdayıq. Biz bu seçkinin durdurulmasını tələb edirik. Niyə? 100 il bundan əvvəl müsavatçı babalarımız Azərbaycan Cumhuriyyəti quranda Ermənistan Azərbaycanın arxasınca sürünürdü. İndi isə Ermənistanda parlementli respublika qurulması ərəfəsində Azərbaycan hakimiyyəti məsuliyyətsiz qərarlar verməklə öz ömrünü növbəti dəfə uzatmaq istəyir".

S.Soltanlı deyib ki, Azərbaycan xalqı tarixin bütün keçməkeşlərindən üzüağ çıxmış xalqdır.

"Bu xalq zəifdir, mübarizə aprmır, müxalifət zəifdir deyən hakimiyyət qarşısına məqsəd qoymuşdu ki, 2010-cu ildək müxalifəti tam sıradan çıxaracaq. Ancaq siz burda xalqın mübarizədən usanmadığını, bezmədiyini göstərirsiniz", o, qeyd edib.


İşıqlıar söndü. Mikrofon işləmir. Müxalifətçilər hökuməti mitinqə maneçilik törətməkdə suçlayırlar. İşıq qısa müddətdə bərpa olundu. Bir qrup polis tribunaya yaxınlaşıb mitinqçilərə "Təhqirə keçməyin" xəbərdarlığı etdi.

Mitinqi Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəyasət heyətindən İlham Hüseyn aparıb.

O, açılış çıxışında hökumətin siyasətini tənqid edib.

"Bizim bu meydana toplaşmağımızın bəlkə də bir hikməti var. 25 ildir ki, bu ölkədə heç nə məhsul vermir. Səhiyyənin məhusulu zay olub, təhsilin məhsulu zay olub, iqtisadiyyatın məhsulu zay olubh, seçkinin məhsulu zay olub. Zaman göstərdi ki, dövlət adlı ağacın yaxşı məhsul verməsi üçün vətəndaş etirazı ilə onu sulamaq lazımdır", o, bildirib.

Müxalifət liderləri mitinqə gəlməyə başladı. İlk olaraq AXCP sədri Əli Kərimli gəlib.

O, çıxışında hakimiyyəti korrupsiyada ittiham edib. Mitinq öncəsi müxalifət fəallarına, o cümlədən AXCP və Müsavat fəallarına təzyiqlər edildiyini deyib.

"Biz bu mitinqlərin əsas təşkilatçılarından olmuş Gözəl Bayramlıya azadlıq tələb etmək üçün burdayıq. Bayram Məmmədov, Qiyas İbrahimli, Fuad Qəhrəmanlı, Fuad Əhmədli, Tale Bagırov, Mövsüm Səmədov, Elçin Qasımov, Əlikram Xurşidov, Ziya Əsədli, Elçin İsmayıllı və ümumilikdə 150 nəfər siyasi məhbus, vicdan məhbusu bizdən dəstək gözləyir. Biz onların hamısına azadlıq tələb edirik", deyən Əli Kərimli mitinqlərə hazırlıq zamanı basqılarla üzləşdiklərini deyib. O, vurğulayıb ki, mitinqdən əvvəl basqılardan ona görə, bəhs etməyiblər ki, bu, hazırlıq işlərini arxa plana keçirə bilər.

"Mitinq qabağı təzyiqlər haqda ona görə, məlumat vermirik ki, sizlər narahat olmayasınız. Çünki bu təzyiqlər təşkilatçı funksionerlərə aid olur. Bu dəfə də qorxaqlar təşkilatçıların evlərinin qarşısına post qoydular", deyən Əli Kərmli 80-dən artıq təşkilatçı funksionerin basqıya məruz qaldığını iddia edib.

"Qorxaqlar mitinqə mane olmaqdan ötrü əsas təşkilatçı heyəti siyasi məhbus kimi həbsə atıblar. İkinci heyətimizi də həbs ediblər. Müsavat Partiyasının onlarla nümayuəndəsini polisə aparıb təzyiq ediblər. Bütün çalışmalar ona hesablanıb ki, bu mitinqin baş tutmasına əngəllər yaradılsın".

Ə.Kərimli hökumətin siyasətini tənqid edib, son 3 il ərzində xalqın 2 dəfə yarım kasıblaşdırıldığını ifadə edib.

"Ölkənin sərvətlərinə əl qoymusuz, ölkədən daşımısız, ətrafınıza ogruları, korrupsionerləri yığmısınız. Xalqdan ayrı düşmüsünüz, hansı haqqınız var ki, antixalq hakimiyyətini bir daha davam etdirmək fikrinə düşəsiniz? Yetər artıq, antixalq hükumətinə bu ölkədə yer yoxdur!", Ə.Kərimli deyib.

Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikri ilə razılaşmırlar.Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə alınıblar.Üstəlik, rəsmilər korrupsiya iddialarını da əsasız sayır, aprelin 11-nə təyin edilən prezident seçkisinin azad və ədalətli şəkildə keçiriləcəyini bəyan edirlər.

Aksiya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə də razılaşdırılıb. Mitinqin təşkilatçıları dünən, martın 9-da Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) də olublar. Onlarla mitinqin təşkili ilə bağlı söhbət aparılıb.

Etiraz aksiyasının «Monarxiyaya son», «Siyasi məhbuslara azadlıq», «Korrupsiyaya son», «Bahalaşmaya etiraz edirik» və başqa bu kimi şüarlarla keçirilməsi nəzərdə tutulur.

Aksiyadan öncə, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirmişdi ki, O, da daxil olmaqla partiyanın 20-dən çox fəalı polisə çağırılaraq hədələnib.

O, sonradan yenidən Bakı Baş Polis İdarəsinə aparıldığını bildirdi. Bu dafə isə ona hər hansı təzyiq olmadığını açıqladı.

Gülağa Aslanlının deməsinə görə, Bakı polisində ona deyiblər ki, əslində bəzi şəxslərin polisə çağırılması heç də mitinqlə bağlı olmayıb.

Bakı Şəhər Baş Polis İdarəsin rəis müavini Səhlab Bağırov da mətbuata açıqlamasında bəyan edib aksiyada əvvəlcədən elan edilən şüarlardan əlavə şuarların səsləndirilməsi yolverilməzdir.
 
Azadlıq Radiosu