20:29, 22 Yanvar 2019 (Çərşənbə axşamı) 218

Mikayıl Cabbarov kölgə iqtisadiyyatından danışdı

Mikayıl Cabbarov kölgə iqtisadiyyatından danışdı
Vergilər Nazirliyində ticarət fəaliyyəti ilə məşğul olan şirkətlərin nümayəndələri ilə görüş keçirilib.

"Azadlıq Radiosu"-nun xəbərinə görə, bu barədə yanvarın 22-də nazirlik məlumat yayıb.

Məlumata görə, görüşdə bu il Vergi Məcəlləsində edilmiş dəyişikliklər, vergi uçotunun şəffaflaşdırılması, mal dövriyyəsinin sənədləşdirilməsi, dövriyyələrin və əmək münasibətlərinin leqallaşması ilə bağlı məsələlər müzakirə edilib.

Tədbirdə çıxış edən vergilər naziri Mikayıl Cabbarov kölgə iqtisadiyyatından danışıb.
 
Nazir vurğulayıb ki, kölgə iqtisadiyyatında fəaliyyət göstərmək düzgün və davamlı yol deyil. "İkili hesabatlığın təkcə vergitutma baxımından deyil, həm də müəssisələrin hesabatlılığı, kapitallaşması, investisiya cəlb etməsi və bank resurslarına çıxışı baxımından da məhdudiyyətlərə səbəb olduğunu diqqətə çatdırıb… Əmək münasibətlərinin rəsmiləşdirilməməsi, gəlirlərin gizlədilməsi, əmək haqlarının reallıqda olduğundan aşağı göstərilməsinin təkcə dövlət üçün deyil, vətəndaşların sosial hüquqları baxımından da ciddi çətinliklər yaratdığını qeyd edib", - məlumatda yazılıb.

Nazir daha sonra 2018-ci ildə görülən işlərdən danışıb.

Azərbaycanda müstəqil iqtisadçılar da hesab edir ki, ölkə iqtisadiyyatının böyük bir hissəsi qeyri-leqal fəaliyyətin payına düşür. Eyni zamanda, bir çox dövlət və özəl müəssisələrdə ikili mühasibatın olduğu bildirilir.