21:26, 09 Dekabr 2017 (Şənbə) 692

Metropolitendə kütləvi ixtisarların səbəbi: ölkədəki böhran - VİDEOREPORTAJ

Metropolitenin Xüsusi Tamamlama işləri şöbəsinin işçisi Anar Rəhimli onu kimin işdən azad etdiyini öyrənməyə çalışır. O, adı ixtisar siyahısına düşən 230 nəfərdən, sadəcə, biridir.

Dekabrın 9-da bir qrup metropolitan işçisi Bakı Metropoliteninin Metrolayihə İnstitutunun qarşısında etiraz aksiyası keçirib. Onlar heç bir əsas olmadan işdən ixtisar olunmalarına etiraz ediblər. 
 
Şikayətçilərin sözlərinə görə, bu ilin əvvəlindən məcburən öz hesablarına məzuniyyət götürməklə yarı maaşa işləyiblər. Bu ilin iyunundan isə Metropoliten Rəisi Zaur Hüseynovun qərarı ilə Tikinti Departamentində çalışan işçilər ixtisara salınıb.

İxtisarın səbəbini soruşan şikayətçilərə deyilib ki, ölkədə böhrandır.

Şikayətçilərə istefa ərizəsinə qolçəkmə müqabilində 2 aylıq kompensasiya təklif olunub.Razılaşmayanların isə bu kompensasiyadan da məhrum ediləcəyi deyilib.

Məsələ ilə bağlı 40-a yaxın şikayətçi Prezident Aparatına da müraciət edib.
 
Müraciət zamanı onlara deyilib ki, dekabrın 15-də Prezidentin Aparatının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov onları qəbul edəcək.

Şikayətçilər ixtisar olunmalarının səbəbini ayrıseçkiliyə məruz qalmalarında görür.

Metropolitenin məsul şəxsləri həftəsonları yerlərində olmadıqları üçün onlarla əlaqə yaratmaq mümkün olmadı.

Toplum tv məsələni diqqətdə saxlayacaq.

İzzətxanım Cabarlı
Toplum tv