11:17, 19 Sentyabr 2018 (Çərşənbə) 949

Metronun "Xətai" stansiyası bağlanacaq

Metronun
Metronun "Xətai” stansiyası əsaslı təmir işləri ilə əlaqədar bağlanacaq.

"Bakı Metropoliteni” QSC-dən Toplum.tv-yə verilən məlumata görə, eskalatorların dəyişdirilməsinə və yenidənqurma tədbirlərinə sentyabrın 27-də başlanılacaq.

Stansiyasında eskalatorların yenilənəcəyi müddətdə vestibülün əsaslı təmiri də aparılacaq. Divar və döşəmənin istismar müddətini başa vurmuş mərmər-qranit örtüyü sökülərək yenilənəcək, maili gedişin divarları və tavanı dövrün tələblərinə uyğun təmir olunacaq.

"Xətai" stansiyası birçıxışlı olduğu üçün təmir dövründə onun bağlanması zərurətə çevrilib. Həmçinin "Cəfər Cabbarlı-Xətai" istiqamətində və əksinə olmaqla, sərnişin qatarlarının hərəkəti dayandırılacaq. Bütün təmir-bərpa və quraşdırma işlərinin 2019-cu il avqust ayının 10-da başa çatdırılması nəzərdə tutulub.
Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, qeyd edilən müddətdə sonuncu dayanacağı "Xətai" stansiyası və ona yaxın ərazilərdə olan şəhər sərnişindaşıma avtobus marşrutlarının hərəkəti "28 May" stansiyası və digər müvafiq istiqamətlərdə tənzimlənəcək.

 "Bakı Metropoliteni” QSC yaranmış narahatlığa görə sərnişinlərindən üzr istəyir.

Türkan Bəşir
Toplum TV