13:43, 22 Noyabr 2017 (Çərşənbə) 382

“Məşğuliyyətimi kiçik biznesə çevirdim” - REPORTAJ

“Məşğuliyyətimi kiçik biznesə çevirdim” - REPORTAJ
"Əvvəllər hobbi olaraq başlasam da, sonradan əl işlərimin maraq oyatdığını, bəyənildiyini müşahidə etdim və bu məşğuliyyətimi kiçik biznesə çevirmək qərarına gədim”.

Bunu obraz gəlinciklər hazırlayan Yəmən Məmmədli Toplum.Tv-yə deyir. 

Bakalavr təhsili Azərbaycan Dövlət İqtisad Universiteti İqtisadiyyat ixtisası üzrə, magistr təhsili Qafqaz Universiteti Təhsil Menecmenti ixtisası üzrə almış olsa da, incəsənətə olan marağı onu bu işi görməyə yönəldib:

"Düzdür, məndən bəzi insanlar soruşurlar ki, iki diplomum var, niyə təhsilim üzrə işləmirəm. Həmişə onlara cavabım belə olur ki, biznes özü bir iqtisadiyyatdır və mən bu biznesi əl qabiliyyətim üzərindən qurmağa çalışıram. Məktəb yaşlarımdan rəsmlə məşğul olmuşam. Əl işləri ilə iki ildir məşğulam. Əl işlərim obraz gəlinciklərdir. Yəni insanların özlərinə oxşar formada gəlinciklər hazırlayıram. Gördüyüm işi sevərək, zövq alaraq etdiyim üçün heç bir çətinliyi yoxdur. Əsas məsələ sifarişçilər ilə işləməyi bacarmaq və onları razı salmaqdır”.

"Gəlinciklər standart dizaynda olmur”

Yəmən Məmmədli deyir ki, gəlinciklər standart dizaynda olmadığı üçün bütün detalları sifarişçinin istəyi əsasında hazırlanır və hamısı bir-birindən fərqli olur: "Kuklaların hazırlanması üçün lazım olan materialları elə yerli mağazalardan alıram. Çünki xaricdən material sifarişi, onun əldə olunması çox vaxt tələb edir. Bəzən istisnalar da ola bilər. Əgər lazım olan materialı burada tapmasam, xaricdən online sifarişlər edə bilərəm”. 

"Kuklaların qiyməti 35 manatdan başlayır”

Sifarişlərini sosial şəbəkə üzərindən alan müsahibim elə hazırladığı kuklaların çatdırılmasını da özü edir: "Gəlinciyin hazırlanıb başa çatma müddəti bir həftədir. İstifadə etdiyim əsas materiallar parça, sintifon (bədənin doldurulması üçün), toxunma saplar və üzün rənglənməsi üçün akril boyalardır. Kuklaların minimum qiyməti 35 manatdan başlayır. Ölçüsünə, geyim sayına, geyimin formasına, aksesuarlarına görə qiymət dəyişir”.

Hələlik özü üçün vaxt tapıb gəlincik hazırlaya bilməyən Y. Məmmədli yaxınları və dostları üçün özlərinə oxşar gəlinciklərini hazırlayıb hədiyyə edib.

Gələcək planına gəlincə isə o, biznesini böyütməyi çox istəyir: "Qismət olarsa, kiçik biznesimi böyütmək və əl işlərimin daha  geniş miqyasda tanınmasını həyata keçirmək istəyərəm”.

Türkan Bəşir
Toplum.Tv