18:37, 08 Oktyabr 2018 (Bazar ertəsi) 828

"Mərkəzi Bank" bu “döyüşü” qazandı" - Natiq Cəfərli

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası ləğv olunub. 

Bunun səbəbi kimi palatanın funksiyalarını icra edə bilməməsi və iqtisadi sferada rəqabətə tab gətirməməsi göstərilir.

Məsələyə münasibət bildirən iqtisadçı Natiq Cəfərli Toplum.Tv-yə deyib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının yarandığı dövrdə çox ciddi valyuta böhranı var idi və onu yaradıb ajiortajı müəyyən qədər aşağı salmaq istəyiblər: "Onu yaratmaqla valyutanın ölkədən çıxmasını əngəlləmək, banklara əlavə nəzarət mexanizmi tətbiq etmək istəyirdilər. Halbuki o funksiyalar Mərkəzi Bankda da var idi və bu qurumlar artıq bir-birlərinin işlərinə mane olurdular. Bu da onlar arasında ciddi rəqabət yaratdı”.
 
 

Ekspertin fikrincə, palata öz funksiyalarını yerinə yetirə bilmədiyinə və Mərkəzi Bankla rəqabətə tab gətirmədiyinə görə Mərkəzi Bankın səlahiyyətlərinin icrasında problem yaranmağa başladı: "Palata  iqtisadi proseslərə kifayət qədər aqressiv şəkildə müdaxilə etməyə başladı və bu, heç müsbət təsir göstərmədi. Bu da palatanın fəaliyyəti nəticəsində bəzi problemlərin yaranmasına səbəb oldu. Mənə elə gəlir ki, indi həmin qurumun ləğvi və Rüfət Aslanlının rəhbər vəzifədən uzaqlaşdırılmasının səbəbi də ondan irəli gəlir. Yəni palata öz funksiyalarını aşaraq çox ciddi şəkildə bank sisteminə və maliyyə bazarlarına maneəyə çevrildi. Mərkəzi Bank bu "döyüşü” qazandı. O funksiyaların da bir çoxu çox güman ki, Mərkəzi Banka qaytarılacaq”.
 
Deputat Vahid Əhmədov parlamentin iclasında Maliyyə Bazarlarına Nəzarət Palatası ilə bağlı danışıb.
 
 

O palatanın keçmiş Direktorlar Şurasının sədri Rüfət Aslanlını tənqid edib: "Vaxtında biz palata ilə bağlı məsələləri qaldıranda bəzi deputatlar əleyhimizə çıxış etdilər. Biz haqlı idik. Bu Palata iki ildir fəaliyət göstərir. Ancaq son 6 ayda fəaliyyətində dirçəlmə baş verdi. Bu da İbrahim Alişovla bağlıdır. Elə vaxt olur ki, həftədə 2-3 dəfə İbrahimlə danışıram. Müəyyən məsələləri müzakirə edə bilirik. Rəhbərlikdə normal insan olanda danışmaq olur. Yoxsa gedib o birisi kimi (Rüfət Aslanlı) öz adına çaxır buraxasan. Üstünə adını yazdırasan. 65 min manat maaşı da özün alasan. Bu harda görülüb ki? Normal adam olsa, normal işləyər”.
 
Gülzar N. Məmmədli
Toplum TV