17:47, 11 Yanvar 2017 (Çərşənbə) 147

Mehman Hüseynov yalan danışır - DİN

Mehman Hüseynov yalan danışır - DİN
Daxili İşlər Nazirliyi (DİN) bloqqer Mehman Hüseynovun polis bölməsində döyülməsi və təzyiqlərə məruz qalması ilə bağlı verdiyi açıqlamaya münasibət bildirilib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Moderin.az-a deyib ki, Mehman Hüseynov yalan danışır:

"Polis orqanlarında nə adam döyürlər, nə adam "toka” verirlər. Bunların hamısı Mehman Hüseynovun uydurduğu boş-boş nağıllardır, şər və böhtandan başqa bir şey deyil”.

Mehman Hüseynov yanvarın 9-u axşam saatlarına saxlanıb. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılıb.

M.Hüseynov azad edildikdən sonra jurnalistlərə deyib ki, saxlanılarkən və sonra polislər ona işgəncə verib.

Nəsimi Rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.
 
 mənbə: azadliq.org