22:44, 27 Dekabr 2017 (Çərşənbə) 803

Mehman Hüseynov "Nərgiz mükafatı"na layiq görüldü - VİDEO

Dekabrın 27-də Müsavat Partiyasının qərargahında "Nərgiz mükafatı"nın təqdimat mərasimi keçirilib.

Mükafatın builki sahibi bloger Mehman Hüseynov olub. 

Mükafatın blogerə verilməsini Müsavat başqanı Arif Hacılı açıqlayıb. 

Siyasi məhbus məsələsinə toxunan A. Hacılı çıxışında blogerin fəaliyyətindən geniş bəhs edib. 

Mükafat həbsdə olan blogerin valideynlərinə təqdim olunub. 

Tədbirdə çıxış edən Milli Şuranın sədri Cəmil Həsənli Mehman Hüseynovun jurnalistikada yeni bir istiqamət yaratdığını deyib. Onun sözlərinə görə, blogerin çərçivəsiz fəaliyyəti onun tanınmasına səbəb olub. 

AXCP sədri Əli Kərimli mükafatı alan blogeri təbrik edərək, Yaqublular ailəsinin timsalında siyasi məhbusların mübarizə simvolu yaratdığını qeyd edib. Kərimli bildirib ki, ölkədə 150-dən artıq siyasi məhbus var. 

Mükafatın komissiya üzvü, D18 hərəkatının təmsilçisi Samirə Ağayeva da çıxışında siyasi məhbusların azad olunmasını diləyib. 

Tədbirdə siyasətçilər, vətəndaş cəmiyyətinin nümayəndələri və ictimai fəallar iştirak ediblər.  

"Nərgiz mükafatı” 2015-ci ildə siyasi fəal Nərgiz Yaqublunun ölümündən sonra təsis olunub. Bu mükafat 2015-ci ildə həbsdə olan nidaçı İlkin Rüstəmzadəyə, 2016-ci ildə isə "heykəl məhbusu" kimi tanınan Qiyas İbrahim və Bayram Məmmədova verilib.

Mükafatı alan bloger Mehman Hüseynov isə bu ilin yanvarında  saxlanılıb. 

Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloger bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılıb. 

Bloger saxlanılarkən işgəncəyə məruz qaldığını deyib. Bundan sonra Daxili İşlər Nazirliyi blogeri xüsusi ittiham qaydasında məhkəməyə verib. 

Hüseynov bu ilin martında Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.

İzzətxanım Cabarlı
Toplum.Tv