11:58, 19 Aprel 2018 (Cümə axşamı) 251

Mehman Əliyev: "Mətbuat Şurası ləğv edilməlidir"

Mehman Əliyev:
Mətbuat Şurası haqqında qanun layihəsi hazırlanacaq. 

Bu haqda qərar Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibinin aprelin 18-də keçirilmiş ilk iclasında qəbul edilib.

"Şuranın qəbul etdiyi müəyyən qərarlarla bağlı çətinliklər var. Belə qərara gəlmişik ki, yeni qanun layihəsi hazırlanarsa, qəbul edilən qərarlar daha çevik şəkildə həyata keçirilər”, - bunu isə Məbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Məclisin Mədəniyyət komitəsinin iclasında deyib. 

Mətbuat Şurasının fəaliyyətinin qeyri-hökumət təşkilatlarının ilə bağlı qanuna uyğun olaraq tənzimləndiyini deyən Ə.Amaşov hesab edir ki, qurumun fəaliyyəti ilə bağlı qanun layihəsinə ehtiyac var.

"Dövlət orqanına çevirsələr də, vaxt gedib artıq, nüfuzu qalmayıb”

"Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Toplum.Tv-yə bildirib ki, Mətbuat Şurası ictimai təşkilatdır və onla bağlı hər hansı qanun qəbul etmək, onu administrativ bir resursa çevirmək deməkdir: "Dövlət onu qanunla tam nəzarətə götürmək istəyir. Yəni bizdə Yayım Şurası var, yarıdövlət, yarı ictimai təmsilçilər. Mətbuat Şurasını lap dövlət orqanına çevirsələr də, vaxt gedib artıq. Onun bizdə təsiri, imkanları, nüfuzu qalmayıb”. 

Mehman Əliyevin sözlərinə görə, müasir dövrdə media məkanını idarə etmək perspektivsiz və mənasız işdir. Həm də Mətbuat Şurasına belə bir statusun verilməsi onun yaranma prinsipinə ziddir: "Onda əsasnamə də dəyişdirilməlidir. Əgər ona hansısa nəzarət funksiyaları veriləcəksə, o, tamam başqa bir şey olacaq. Əslində, bu Mətbuat Şurası buraxılmalı, ləğv edilməlidir”. 

Agentlik rəhbəri vurğulayıb ki, Mətbuat Şurası özünü tənzimləmə funksiyası daşıyan bir təşkilat olmalı idi, amma o, bu funksiyanı daşıya bilmədi: "Səbəbləri də mətbuatın hakimiyyətdən asılı vəziyyətdə olmasıdır. Hakimiyyət bu gün mətbuatı idarə edir, maliyyələşdir, nəzarət edir və Mətbuat Şurası da bu formada idarə edilir”. 

Onun sözlərinə görə, ənənəvi media məkanı hakimiyyət tərəfindən idarə olunur: "Sadəcə olaraq bu gün hakimiyyət sosial medianı, fərdi şəxsləri idarə edə bilmir”. 

Vəziyyəti bu şəkildə idarə etməyi absurd hesab edən Mehman Əliyev əlavə edib ki, texnoloj imkanlar çox çevik şəkildə dəyişir: "İndiyə kimi Mətbuat Şurası hakimiyyətin nəzarətində olub, amma informasiya məkanında hakimiyyət uduzub. Bu, real vəziyyətdir ki, alternativ plüralizm şəbəkələri yaranır. Bu da hakimiyyəti narahat edir. Hakimiyyət bu gün mətbuatı köhnə qaydada nəzarətdə saxlamaq istəyir”.

"Son prosesdən daha da ruhlanıblar"

Jurnalist Rövşən Hacıbəyli bildirib ki, müstəqil mətbuat sıradan çıxarılmağa başlanandan Mətbuat Şurası belə təklifləri gündəmə gətirir: "Əslində, mətbuatın bugünkü duruma düşməsinin günahkarlarından biri də Mətbuat Şurasıdır. Reket jurnalistikanın çiçəklənməsində onun rolu danılmazdır. Bu gün bu şuranın üzvləri əsasən elə reket qəzetlər, saytlar, başqa media qurumlarıdır. Ancaq Şuranın saytında onların adı getmir, MŞ bu siyahını üzə çıxarmır, gerçəyin ortaya çıxmasını istəmir”. 

Onun sözlərinə görə, hakimiyyətin tam nəzarətində və maliyyə təminatında olan bu ictimai birlik çoxdan öz funksiyasını itirib: "MŞ-nin İdarə Heyətinin tərkibinə baxmaq yetərlidir. İndi bunlar nazirlik sevdasına düşüblər. Qanunların işləmədiyi ölkədə, düşünürlər ki, niyə də yox! Biz də ağzımızı söykəyib büdcəni bir tərəfdən talayarıq. Mətbuat Şurasının qurultaylarından birində - hansı olduğu yadımda deyil, Həmkarlar İttifaqının akt zalında keçirilirdi - mən də nümayəndə idim. Həmin qurultayda nizamnaməyə Mətbuat Şurasına qəzetləri cəzalandırmaq səlahiyyəti verilməsi ilə bağlı dəyişiklik təklif olunmuşdu. Söz alıb dedim ki, bununla yanaşı Mətbuat Şurasına təcridxana saxlamaq səlahiyyəti də verilsin; istədiyi jurnalisti damlamaq üçün. Həmin təklifi geri götürdülər. KİVDF yaranandan onun qrant verdiyi təşkilatlardan tələbi var ki, adları Mətbuat Şurasının "reket qəzetlər” siyahısında olmasın. Absurda baxın, dövlət qurumu ictimai birliyin hansısa siyahısı ilə fəaliyyət göstərir. Belə anormallıqlar adamları həvəsləndirib... Bunlar necə düşünür? Demokratiyadan, söz azadlığından, jurnalistlərin müstəqilliyindən danışır, sonra da dövlət qurumu olmaq istəyirlər. Onsuz da mətbuat tam nəzarətə alınıb, görünür, kəmərləri bir qədər də bərkitmək istəyirlər. Ancaq prezidentin 4-cü dəfə seçildiyi, məmurların, deputatların əvəzolunmaz olduğu ölkədə belə təkliflər, əslində, heç də təəccüblə qarşılanmamalıdır. Son prosesdən daha da ruhlanıblar. Əslində, bu istək anlaşılandır, axı Əflatun Amaşov da 2003-cü ildən Mətbuat Şurasının sədridir”.

Gülzar N. Məmmədli
Toplum TV