10:29, 20 İyul 2018 (Cümə) 1051

Mehman Əliyev: "Hakimiyyət bu siyasətdən əl çəkməlidir"

Mehman Əliyev:
İyulun 18-də Tibilisi şəhərində ATƏT-in 15-ci Cənubi Qafqaz media konfransı keçirilib.
 

Konfransda Azərbaycanı Mətbuat Şurasının sədri, üzvləri, bir sıra sayt rəhbərləri və media hüququ üzrə ekspertlər təmsil edib.

"Maliyyə mənbələri qeyri-şəffafdır" 

Hüquqşünas Ələsgər Məmmədli konfrans haqqında danışarkən deyib ki, bu ilin prioritet mövzusu jurnalistika üçün doğru və etibarlı informasıya mənbəyi məsələsi idi: "Həm online medianın özünü tənzimləməsi, həm də peşəkar medianın fakenews-a (saxta xəbər) qarşı dirənişli olması məsələləri müzakirə olunurdu".
 

Onun sözlərinə görə, toplantıda ən maraqlı məqam hər üç ölkənin media vəziyyətinin istər hökumət, istərsə də tənqidçi tərəflə birlikdə müzakirəsidir: "Burada daha çox medianın qarşılaşdığı ptoblemlər və bu vəziyyətlərdə hökumətin davranışındakı problemlər göstərilir və aradan qaldırılmanın yolları müzakirə olunur. Təəssüf ki, son toplantıdan görünür ki, Azərbaycan mediası ən geridə qalan medialardandır. Çünki Gürcüstan müəyyən addımlar atmışdı və son inqilabdan sonra Ermənistan da medianın daha dərin problemlərini həll etməyə çalışır. Bizdə isə medianın problemləri media azadlığı, maliyyə mənbələrinin qeyri-şəffaf olmasıdır ki, bunlar azad medianın olmadığını göstərir. Azad medianın olmadığı təqdirdə onun peşəkarlığından danışmağın mənasız olduğunu görürük".

Ə. Məmmədli əlavə edib ki, Azərbaycanda informasiya mənbələrinə çıxış gedərək məhdudlaşır: "Bunun səbəbi rəsmi qurumların informasiyanı qıt verməsi və qanunverivilikdə olan prosedurların belə tətbiq olunmamasıdır. Bizim bu məsələləri ATƏT-in himayəsi altında etməyimiz üzücüdür, təəssüf ki, bu mühit Azərbaycanda yoxdur".

Hüquqşünas bildirib ki, ATƏT-in media ofisinin yeni sədri giriş nitqində Azərbaycandakı vəziyyəti çox ciddi tənqid edib: "Əfqan Muxtarlı hadisəsini və ötənilki konfransdan 2 ay sonra həbs olunan Mehman Əliyevin həbsini xatırlatdı. Müsbət haldır ki, Mehman Əliyev buradadır. Amma yenə də çox ciddi problemlərin kölgəsində buradayıq. Gəncə hadisələrindən sonra sosial media aktivistləri həbs olunub, qanunsuz olaraq online media qurumları bloklanıb və s".

O vurğulayıb ki, hökumət burada medianı bu duruma salan səviyyədə deyil, daha aşağı səviyyədə təmsil olunur.

"Hakimiyyət ölkədə azad media görmək istəmir"

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədr müavini Hafiz Babalı isə mediadakı problemləri belə izah edib: "Tədbirin yaxşı cəhəti odur ki, burada həm dövləti, həm də müstəqil medianı təmsil edən şəxslər çıxış edir. Yəni müzakirə etmək imkanı olur. Lakin sonradan dövlət orqanlarının bu problemlərin dərinliyini dərk edib, həllinə hər hansı addım atıb-atmayacağı başqa məsələdir".

O deyir ki, artıq üçüncü dəfədir bu tədbirdə iştirak edir və hökumət tərəfi hər dəfə Azərbaycanda bütün azadlıqların olduğu kimi media azadlığının da olduğunu deyir: "Onlar mövqelərindən geri çəkilmirlər. Çünki hakimiyyət ölkədə azad media görmək istəmir. Hakimiyyət düzəlmək, problemləri həll etmək istəmədiyi üçün, onları tənqid edən qurumları ya ləkələməli, ya sıradan çıxarmalı, ya da hər hansı formada ələ almalıdır". 

"Problemləri sadaladıq, onların həll yollarını da təklif etdik”

Məruzəçilərindən biri jurnalist, media eksperti Seymur Kazımov Azərbaycan mediasını dezinformasiya, təbliğat, faktların yoxlanması təşəbbüsləri və media savadlılığı üzərindən təhlil edib.
 
Peşəkarlığın aşağı olması, jurnalistlər üçün münbit şəraitin yaradılmaması, azad rəqabət mühitinin olmaması və ifadə azadlığının məhdudlaşdırılması ilə bağlı məsələlərə toxunan jurnalist problemdən çıxış yolları da təklif etdiyini deyib: "Çıxışımı əsasən iki istiqamətdə qurmuşdum: problemləri və eyni zamanda onların həlli yollarını göstərməklə... Çıxışımda yuxarıda haqqında danışdığım bütün istiqamətlər üzrə problemləri qaldırdım. Fərdi jurnalist problemindən tutmuş, qanunvericiliyə qədər halları tək-tək sadaladım. Hər bir problemə aidiyyatı olan həll yollarını da təklif etdim”.

Jurnalist belə tədbirlərin Azərbaycanda da keçirilməsinin vacibliyini qeyd edib: "Əvvəl Azərbaycanda da belə tədbirlər keçirilir, fərqli düşüncəli insanlar bir araya gəlirdi, amma artıq belə şey yoxdur.  Belə tədbirlər ona görə vacibdir ki, qarşı tərəfə sözümüzü bilavasitə deyirik”. 
 
Jurnalist bu tədbirdə ikinci dəfə iştirak etdiyini, ötən il də əsas məruzəçilərdən biri olduğunu deyib. 

 


"Hakimiyyət bu vəziyyətdə nə edəcəyini bilmir"

"Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə deyib ki, hakimiyyət bu vəziyyətdə nə edəcəyini bilmir. Onlar xaricdə yaşayan sosial şəbəkə fəallarına qarşı cinayət işi açdıqlarını etiraf edirlər: "Hakimiyyət bu siyasətdən əl çəkməlidir. Məsələlərə yenidən baxılmalıdır".

"Azərbaycan mediasi kifayət qədər inkşaf edib"

Mətbuat Şurasının sədri Əflatun Amaşov ToplumTv-yə bildirib ki, bu konfrans ATƏT-in xətti ilə ildə bir dəfə müxtəlif ekspertlərin iştirakı ilə keçirilir: "Ölkələrdəki media vəziyyəti ilə bağlı çıxışlar edilir, müzakirələr olunur". 
 

Onun sözlərinə görə, bu gün Azərbaycan mediasi kifayət qədər inkşaf edib, jurnalistləri isə peşəkardır: "Ölkədə baş verən hadisələri dünyaya operativ yaya bilirlər, Azərbaycan ictimaiyyətinə göstərə bilirlər".
 


O əlavə edib ki, belə beynəlxalq tədbirlər nəticəsində digər ölkələrin mediada etdiyi yenilikləri də öyrənə və tətbiq edə bilirlər: "Çıxışları izləyib, problemləri görürəm. Hər şey obyektiv olsa, daha yaxşı təsir bağışlayardı. Amma tədbirin gedişatından belə görünür ki, məsələlər birtərəfli əks olunur. Daha çox problemlər qabardılır. Bəlkə də, bu, təbiidir, amma obyektiv olsa, daha da yaxşı olardı".

Gülzar N. Məmmədli
Toplum TV