14:39, 03 Oktyabr 2018 (Çərşənbə) 165

Məhkəmə mühacir jurnalistin bacanağına hökm oxuyub

Məhkəmə mühacir jurnalistin bacanağına hökm oxuyub
"Sırf mənim bacanağım olduğu üçün Emin Saqiyevə Bakı Ağır Cinayətlər məhkəməsində hökm oxundu və heç bir günahı olmadığı halda, o, 7 il müddətinə azadlıqdan məhrum edildi”.

Bunu "Facebook” sosial şəbəkəsindəki profilində hazırda mühacir həyatı yaşayan, Turan TV-nin əməkdaşı, AXCP funksioneri Türkel Azərtürk yazıb.

"Bu rəsmən dövlət terrorudur. Seymur Həzidən, Murad Ədilovdan, Elçin İsmayıllıdan, Ziya Əsədlidən, Rövşən və Rüfət Zahidovlardan sonra Emin Saqiyevin bu gün həbsə atılması həm də hökumətin "Turan TV”nin varlığı qarşısındakı acizliyinin etirafı oldu. Elə təkcə bu günahsız insanların yaşadığı məhrumiyyətlər, onların ailələrinə yaşadılan acılar bizim boynumuza daha ardıcıl, daha prinsipial qaydada mübarizə aparmaq haqqı qoyur”.

Emin Saqiyevə narkotik vasitələrin külli miqdarda satışında təqsirli bilinib və 7 il azadlıqdan məhrum edilib.

O, 2017-ci ilin noyabrında həbs edilib.

Emin Saqiyev hökumətə müraciət edərək, heç vaxt Türkellə eyni mövqeni bölüşmədiyini, heç bir halda onunla hökumət əleyhinə fəaliyyətdə iştirak etmədiyini bəyan edib.

"Əgər məni təkcə onun bacanağı olduğum üçün bu qədər ağır şəkildə cəzalandırırlarsa, onda gərək mən onunla ümumiyyətlə uzaq da olsa qohumluq əlaqələrimin olmaması üçün bu gün həyat yoldaşımdan da ayrılım. Əgər hər şey sizin üçün rəsmiyyətdirsə, onda mən bu rəsmiyyətə günü bu gündən son verirəm. Amma mənim iki azyaşlı uşağım var, onlardan heç bir halda imtina edə bilmərəm və onlar bu gün haqq etmədikləri halda atasız, min bir əziyyətlə böyüməyə məhkum edilirlər”.

Vaqif Mustafayevin Heydər Əliyev haqqında çəkdiyi "Bir həsədin tarixi” filmində, danışan hazırda ölkənin prezidenti İlham Əliyev Qorbaçovun Heydər Əliyevlə siyasi düşmənçiliyini ailə üzvlərinə də şamil etdiyini bildirmiş və bunu mənəviyyatsızlıq adlandırmışdı. 

Meydan Tv