18:01, 19 İyul 2018 (Cümə axşamı) 543

"Mediaya ayrılan pullar"

İyulun 16-da Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 milyon manat vəsait ayrılıb. 

İllərdir dövlət tərəfindən KİV-ə maliyyə yardımı ayrılması artıq ənənə halını alıb. 

Toplum.Tv olaraq dövlət tərəfindən ayrılan vəsaitlərin medianın inkişafına nə kimi töhfə verəcəyini aydınlaşdırmağa çalışdıq.  

"Dünya Azərbaycan mətbuatında baş verən inkişaf tendensiyasını öyrənməyə çalışır”

"Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin sözlərinə görə, mediaya dövlət tərəfindən vəsaitin ayrılması medianın inkişafına böyük töhfə verir:
 

"Müxtəlif dövrlərdə mətbuatımız təpkilərə məruz qalıb, azad ola bilməyib. Ancaq, 1995-ci ildə konstitusiyamız hazırlananda öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə azad mətbuatın hüquqi normativ aktı müəyyənləşdi, yəni hüquqi baza formalaşdı və mətbuatımız inkişaf yoluna qədəm qoydu. Prezidentimiz İlham Əliyevdə həmin ənənəni davam etdirir. 2009-cu ildə "KİV-ə dəstək fondu”-nun yaranması mətbuatın inkişafı ilə yanaşı, eyni zamanda müxaliflərin də fərdi olaraq inkişafına töhfə verdi. Jurnalistlərin mənzil ilə təmin olunması dünyada yeni bir model olaraq təqdim olundu. Bu gün dünya Azərbaycan mətbuatında baş verən inkişaf tendensiyasını öyrənməyə çalışır. "

"Mediaya vəsaitlərin ayrılması sadəcə onları susdurmaq üçündür”

"Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli isə bildirir ki, dövlət mediaya pul ayıraraq mətbuatın  inkişafına yardımçı olmur, əksinə bununla onları susdurmağa çalışır:
 

"Mətbuata dövlət dəstəyi başlayandan bəri müstəqil mətbuat sıradan çıxdı, hakimiyyətyönlü mətbuat daha çox hakimiyyətə işləməyə başladı, üstəlik müxalifyönlü mətbuat da sıradan çıxarıldı. Gəncə hadisələrində biz bunun şahidi olduq. Gəncə hadisələri zamanı orada demək olar ki, heç bir media qurumunun əməkdaşı iştirak etmirdi. Əvvəldən hər kəsə bəlli idi ki, Gəncədə hadisə baş verəcək. İstənilən normal ölkədə elan olunmuş hadisə yerinə media qurumunun əməkdaşları gedib kameralar quraşdırmalı idi. Lakin bu baş vermədi. Çünki üzdə olan bütün media qurumları hakimiyyətin yanında olan media qurumlarıdır. Digər media qurumları da sıradan çıxarılıb. Yəni mediaya vəsaitlərin ayrılması, jurnalistlərin mənzillə təmin olunması sadəcə medianı susdurmaq üçün edilir.”

"Müstəqil media qurumları düşünür ki, dövlətdən vəsait alan medialar gerçəyi yazmır”

Media məsələləri üzrə ekspert Qulu Məhərrəmli isə iddia edir ki, mediaya ayrılan maddi yardımlar mahiyyət etibarı ilə medianın inkişafına yardımçı olmur, əksinə onları müəyyən dərəcədə çərçivəyə salır:
 

"Bəzi media qurumları deyir ki, dövlət bizə yardım edir ki, biz inkişaf edək. Amma müstəqil media qurumları düşünür ki, dövlətdən vəsait alan medialar gerçəyi yazmır, cəmiyyətə keyfiyyətli informasiya vermir.”
Bu günə qədər Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) 35 milyon manat ayrılıb.

Humay Hacılı
Toplum.Tv