22:47, 07 Yanvar 2017 (Şənbə) 76

'Manat üzərində basqının davam edəcəyi gözlənilir'

'Manat üzərində basqının davam edəcəyi gözlənilir'
İqtisadiyyat eksperti Cəfər İbrahimlinin fikrincə, idxaldan asılılıq inflyasiyanı artıracaq.

İlin ilk valyuta hərracında dollar yenə bahalaşdı. Ötən ilin ən çox hallanan iki sualı yenə gündəmdən çıxmır: Bu gedişlə manatın taleyi necə olacaq? Hökumət elan etdiyi "tam üzən məzənnə”yə nə vaxt keçəcək?

Maliyyə bazarları eksperti Cəfər İbrahimli Azadlıq Radiosuna müsahibəsində öncə həmin sualları cavablandırıb:

- Strateji yol xəritələrində və Mərkəzi Bankın (AMB-nin) 2016-ci ilin nəticələri və 2017-cu il pul siyasəti bəyanatından görünən odur ki, bu il "üzən məzənnə”yə keçilməyə çalışılacaq. Bu gözlənti reallaşanadək manat üzərində basqının davam edəcəyi gözlənilir.

- Sərt pul siyasəti aparacağını söyləyən Mərkəzi Bank bununla inflyasiyanın önünü kəsə biləcək?

- Ölkədə yaranan inflyasiya tendensiyası idxaldan asılılıqla bağlıdır. 2016-ci ildə də sərt pul siyasəti aparılsa da, inflyasiya ikirəqəmli həddə yüksəldi. Dolayısı ilə, bu ildə də inflyasiya həddi idxala bağlı olaraq, məzənnəyə görə müəyyənləşəcək. Cari ildə məzənnədə sərt yüksəliş olmasa, illik inflyasiya azala bilər.

- Dünya Bankı bu il və gələn il üçün iqtisadi artımı ön görür. Bu,nə dərəcədə real proqnozdur?

- Son 2 ildə baş verən proseslərin daxili istehsalı stimullaşdıracağı gözlənilir. Artıq bəzi sektorlarda fəallıq gözə dəyir. Düşünürəm ki, Dünya Bankı da digər ölkələrlə bağlı təcrübəsinə dayanaraq proqnoz verib. Artıma nail olmaq üçün biznes mühitinin yaxşılaşdırılmalıdır. Dövlət vergi və güzəştlərin əhatə dairəsini yenə genişlətməlidir.

- Manatın taleyi tədiyə balansında olan profisitdən, ən azı,balansda tarazlıqdan çox asılıdır. Sizcə, hökumətin balansda tarazlığa nail olmaq şansları necədir?

-Tədiyə balansında builki vəziyyət və buna oxşar tendensiyanın bir neçə il davam etməsi iqtisadiyyatı daraldacaq. Sərt siyasətlərdən uzaqlaşmaq məsləhətlidir. Normal iqtisadi şərait təmin etməklə, bir neçə illik cari kəsirin iqtisadiyyat üzərindəki mənfi basqısını neytrallaşdırmaq mümkün ola bilər.

- Sizcə, hökumət "tam üzən məzənnə”yə keçə biləcək?

- Yuxarda qeyd etdiyim kimi, hazırlanmış strateji sənədlərdə də "üzən məzənnə”yə keçmənin bu il ərzində reallaşa biləcəyi qeyd olunub və cəmiyyət, banklar və digər iqtisadi subyektlər də buna köklənib. Bu məsələnin artıq iqtisadi aləm üzərində ciddi mənfi basqı yaratdığı müşahidə olunur. Bunun son nəticəsini hesablaya bilməyən biznes aləminin yeni investisiya və böyümə strategiyalarını dondurduqları hiss olunur. AMB mövcud ehtiyatlarının bir hissəsini və Dövlət Neft Fondunun bu il üçün satacağı valyutanın imkanlarından yararlanaraq, "üzən məzənnə”yə keçiddən sonra məzənnə sabitliyini dəstəkləyə bilər.