10:56, 05 Oktyabr 2018 (Cümə) 122

Maliyyə Palatasının statusu yeniləndi

Maliyyə Palatasının statusu yeniləndi
Prezident İlham Əliyev oktyabrın 4-də Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmanla Nazirlər Kabinetinə (NK) tapşırıqlar verilib. Həmin tapşırıqlar ölkə başçısının və digər qurumların normativ aktlarının fərmana uyğunlaşdırılması ilə bağlıdır. NK bununla bağlı təkliflərini 5 ay içində hazırlayıb prezidentə təqdim etməlidir.

Fərmanla həmçinin, MBNP-nin nizamnaməsi təsdiq edilib.

Bu nizamnamə ilə Palatanın idarə edilməsnin əsaslarına dəyişikliklər edilib. İndiyədək palatanın əsas idarəedici qurumu Direktorlar Şurası idi. Yeni nizamnaməyə görə, MBNP-nin idarəetmə orqanı İdarə Heyəti olacaq.

İdarə Heyətinin beş nəfərdən ibarət tərkibini ölkə başçısı vəzifəyə təyin və vəzifədən azad edəcək. İdarə Heyəti sədrindən, onun iki müavinindən və digər iki üzvdən ibarətdir.

Palatanın nizamnamə fondu 5 000 000 manatdır. Palatanın ləğvini və yenidən təşkilini prezident həyata keçirəcək.

Prezident İlham Əliyev 2016-cı il fevralın 3-də Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması barədə fərman verib.

Həmin fərmanla Mərkəzi Bank yanındakı Maliyyə Monitorinqi Xidmətinin bütün funksiyaları Palataya keçmişdi.

MBNP ilk yaradıldığında ikisəviyyəli idarəetmə strukturundan - Direktorlar Şurası və İdarə Heyətindən ibarət idi. Ali idarəetmə orqanı olan Direktorlar Şurasını ölkə başçısı formalaşdırmışdı. Cari əməliyyat idarəetməsini isə İdarə Heyəti həyata keçirirdi.

Palata büdcədən yox, tənzimlənən subyektlərin ödədikləri haqlar hesabına maliyyələşirdi. MBNP Azərbaycanda yaradılan ilk publik hüquqi şəxsdir.