20:36, 25 May 2018 (Cümə) 207

Maliyyə Monitorinqi Xidməti yaradılıb

Maliyyə Monitorinqi Xidməti yaradılıb
Azərbaycanda yeni müstəqil qurum, Maliyyə Monitorinqi Xidməti yaradılır.

"Azadlıq Radiosu"-nun verdiyi xəbərə görə, mayın 25-də prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, bu xidmət Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahəsində vahid tənzimləməni, nəzarəti həyata keçirəcək və fəaliyyəti əlaqələndirəcək.

Formaca publik hüquqi şəxs olan xidmət dövlət büdcəsindən maliyyələşəcək.

Prezident Administrasiyasına bir ay müddətində xidmətin nizamnaməsinin layihəsini hazırlamaq tapşırılıb. Nazirlər Kabineti isə qurumun yaradılması ilə əlaqədar qanunların uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.

Fərmanla Əmlak Məsələləri Dövlət Komitəsinə də tapşırıqlar verilib.

Maliyyə Monitorinqi Xidməti bundan öncə də mövcud olmuş qurumlardandır. Həmin qurum ilk dəfə Azərbaycan prezidentinin 23 fevral 2009-cu il tarixli fərmanı ilə yaradılıb və Mərkəzi Bankın yanında fəaliyyət göstərib.

Azərbaycanda manatın devalvasiyasından sonra, 2016-cı ilin əvvəlində bir sıra dövlət qurumları ləğv edilib, bəzilərində isə ixtisarlar aparılıb.

Həmin vaxt Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK), Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti (MMX) də ləğv olunub. Sözü gedən qurumların bazası üzərində Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb.