22:34, 29 Yanvar 2019 (Çərşənbə axşamı) 145

Maduro dialoq aparmağa razılaşıb

Maduro dialoq aparmağa razılaşıb


/ DÜNYA
Venesuelanın lideri Nikolas Maduro Avropa İttifaqının ölkəsində yeni seçkilərə çağıran ultimatumunu rədd edib. Bazar günü televiziyada yayımlanan müsahibəsində o deyib ki, müxalifət lideri Xuan Quaydo özünü müvəqqəti prezident elan edərək konstitusiyanı pozub. Lakin Maduro, müxalifətlə dialoq aparmağa da razılaşıb.

"Amerikanın Səsi"-nin xəbərinə görə, CNN Türkiyədə yayımlanan müsahibədə Maduro deyib ki, ölkənin ali məhkəməsi və ədliyyə rəsmiləri Quaydonun Venesuelanın qanunlarını pozub-pozmadığını müəyyən edəcək. O, Avropa İttifaqının yeni və demokratik seçki keçirmək tələbini rədd edib. Avropa İttifaqı əks təqdirdə Avropanın Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyacağını bildirib.

"Venesuela öz yolunda irəliləməyə davam edəcək. Çox şükür ki, biz Avropadan asılı deyilik. Onlar bizə yuxarıdan aşağı baxır, bizə qarşı hökmlü və təkəbbürlü münasibət bəsləyir, çünki bizi özlərindən aşağı səviyyədə görür. Bu Avropa elitası Avropa xalqını təmsil etmir. Bütün Avropa Donald Trampın önündə diz çökür, xüsusən də Venesuela məsələsində. Bu qədər bəsit”,- o deyib.

Prezident Maduro çoxlarının saxta adlandırdığı seçkidə qalib gələndən sonra bu ayın əvvəli and içərək ikinci dəfə prezident vəzifəsinin icrasına başlayıb. Birləşmiş Ştatlar və regiondakı bir çox ölkə, eləcə də İsrail demokratik yolla yeni prezident seçilənədək Quaydonu müvəqqəti prezident kimi tanıyıb. Maduro Vaşinqtonla diplomatik əlaqələri kəsib və ABŞ diplomatlarına ölkəni tərk etmələrinə dair göstəriş verib, lakin daha sonra bu qərarını dəyişib.