12:51, 15 Fevral 2018 (Cümə axşamı) 205

Ölkə əhalisinin sayı artıb

Ölkə əhalisinin sayı artıb

Ötən il 145 minə yaxın körpə doğulub, 63 min nikah qeydə alınıb

2017-ci ildə Azərbaycan əhalisinin sayı 88 min 104 nəfər artıb. 2018-ci ilin yanvarın 1-i vəziyyətinə görə, əhalinin sayı 9898085 nəfərdir. Artım, 0,9 faiz təşkil edir.

Məlumatı Dövlət Statistika Komitəsi yayıb.

Bildirilir ki, əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinlərinin, 49,9 faizi kişilərin, 50,1 faizi isə qadınların payına düşür.

Ölkə əhalisinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,8 faizi Bakı şəhərində, 20,3 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 30,0 faizi isə digər iqtisadi rayonlarında yaşayır.

DSK-nın məlumatında qeyd olunur ki, bir kvadrat kilometrə düşən əhalinin sayı Bakı şəhərində 1057, Lənkəran iqtisadi rayonunda 153, Abşeron iqtisadi rayonunda 152 nəfər təşkil edir ki, bu da ölkə üzrə orta göstəricidən (114) yüksəkdir.

2017-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 144 min 041 nəfər qeydə alınıb. Bu, orta hesabla hər gün 395, saatda isə 16 körpənin doğulması deməkdir. Bu göstərici əhalinin hər 1000 nəfərinə 14,8 təşkil edir.

Doğulan körpələrin 2586-sı əkiz, 57-si üçəm olub. Ən yüksək doğum səviyyəsi Dağlıq Şirvan (16,8) ərazisində qeydə alınıb. Sonrakı yeri Lənkəran (16,4) tutur. Aran (16,1), Quba-Xaçmaz (15,9) və Kəlbəcər-Laçın (15,8) iqtisadi rayonlarında da doğum ölkə səviyyəsindən yüksək olub.

Yeni doğulan körpələr arasında qızlar azdır - 46,8 faiz. Yəni hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir). Məlumatda deyilir ki, doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturuna da təsir göstərib və hər 1000 kişiyə 1004 qadın düşür.

Ötən il ölkədə 57109 ölüm halı qeydə alınıb. Yəni əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 faiz təşkil edir.

2017-ci ildə ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 62 min 923 nikah və 14 min 514 boşanma halı qeydə alınıb. Beləliklə, əhalinin hər min nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olub.

2017-ci ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3073 nəfər gələn və 1901 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 1172 nəfər təşkil edib.