14:24, 15 Mart 2018 (Cümə axşamı) 391

Lisenziya və icazə işində yenilik

Lisenziya və icazə işində yenilik
İqtisadiyyat Nazirliyi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə lisenziyaların və icazələrin elektron qaydada verilməsini təmin edən portal yaradıb. Rəsmi məlumata görə, www.lisenziya.gov.az-a müraciət etməklə lisenziyaların elektron qaydada verilməsi üçün aidiyyəti qurumdan rəyin alınması və nəticələrin rəsmiləşdirilməsi mümkündür. Portalın iştirakçıları olan dövlət qurumları və sahibkarlar elektron imzaya malik olmalıdır.

Nazirlik bildirir ki, son bir neçə ildə lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 59-dan 37-yə, icazələrin sayı 330-dan 86-ya endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılıb, lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə endirilib.

2 noyabr 2015-ci ildən dövlət təhlükəsizliyi ilə bağlı hallar istisna olmaqla lisenziya tələb olunan fəaliyyət növləri üzrə lisenziyaların "ASAN xidmət” mərkəzləri vasitəsilə verilməsinə başlanıb və indiyədək 5311 lisenziya verilib.