12:38, 12 Noyabr 2018 (Bazar ertəsi) 164

Lənkəranda yağış fəsadlar törədib, 3 ailə təxliyyə olunub

Lənkəranda yağış fəsadlar törədib, 3 ailə təxliyyə olunub
Lənkəran rayonunda ötən gecədən başlayaraq intensivləşən leysan xarakterli yağış fəsadlar törədib. 

"Report" xəbər verir ki, təbii fəlakətdən daha çox rayonun dağətəyi kəndlərində yaşayan sakinlər ziyan çəkiblər. 

Belə ki, dağ çaylarının daşması və yuxarı ərazilərdən gələn sel suları yolları və həyətləri basıb. Rayonun Bürcəli, Xanbulan, Yuxarı Nüvədi, Səpnəkəran, Şovu və digər dağətəyi kəndlərində yollarda hərəkət çətinləşib. Avtomobillər yollarda qalıb. Bəzi ərazilərdə selin gətirdiyi torpaq və lil qatı evlərə dolub. Ayrı-ayrı təsərrüfatlarda vətəndaşlara xeyli ziyan dəyib. 

Rayonun Bürcəli kəndində sel sularının evə dolması səbəbi ilə 3 ailə təxliyyə edilib. 

Fövqəladə Hallar Nazirliyi bildirilib ki, rayon ərazisində iki süni gölün daşma təhlükəsi var. 

Lənkəran rayonunda yağıntının miqdarı normadan çox 99 mm/dəqiqə olub.