13:24, 16 Aprel 2018 (Bazar ertəsi) 25

Konstitusiya Məhkəməsi seçkinin nəticəsinə baxacaq

Konstitusiya Məhkəməsi seçkinin nəticəsinə baxacaq
Sabah, aprelin 17-də Konstitusiya Məhkəməsinin (KM) Plenum iclasının keçiriləcəyi gözlənir.
 
Bu barədə məlumatları KM-dən də təsdiqləyiblər.

KM-dən vurğulanıb ki, bu, Mərkəzi Seçki Komissiyasının (MSK) təqdim etdiyi sənədlərin yoxlanılması, seçkilərin yekunlarının təsdiqi ilə bağlıdır.

Plenum iclası Konstitusiya Məhkəməsinin binasında, saat 15:00-da keçirilməlidir.

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib.

Dünən, aprelin 15-də MSK səsvermənin ümumi yekunlarına dair protokolun Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib.

MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 86.02 faiz səslə prezident seçkilərinin qalibi olub.

Qalan 7 namizədin isə 3.12 faizdən 0.74 faizə qədər səs topladığı açıqlanıb.

Müsavat Partiyası və Milli Şura növbədənkənar prezident seçkisinin nəticəsini tanımadıqlarını açıqlayıblar.

Hazırkı dövlət başçısı İ.Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası seçkilərin azad və ədalətli keçirildiyini bildirib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri, bu qurumun və Avropa Şurası parlament assambleyalarının nümayəndə heyətlərinin hazırladığı birgə hesabatda isə Azərbaycandakı seçkilərin azadlıqların məhdudlaşdırılması şəraitində keçirildiyi bildirilib. Hesabatda vurğulanıb ki, onların müşahidəçiləri seçki günü topa bülletenlərin qutulara atılmasının şahidi olublar.

MSK 4 məntəqədə seçkinin nəticələrini ləğv edib. Bu, seçkilərin nəticələrinə təsir etmir.