12:44, 06 Fevral 2019 (Çərşənbə) 158

Klinikanın işçilərinə 40 il həbs tələbi

Klinikanın işçilərinə 40 il həbs tələbi
Xalq artisti, öz adını daşıyan klinikanın rəhbəri Leyla Şıxlinskayanın şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunmuş işçilərinə 40 il həbs cəzası istənildi. Fevralın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu təkliflə çıxış edən prokuror deyib ki, klinikanın işçisi olmuş 7 nəfərə qarşı irəli sürülən mənimsəmə, vəzifə saxtakarlığı ittihamı bir ildən çox davam edən məhkəmə araşdırmaları zamanı sübuta yetirilib.

Prokuror istintaq və məhkəmə dövrü üçün barələrində həbs seçilməyən təqsirləndirilən şəxslərin məhkəmə zalından həbs olunmasını istəyib. Klinikanın baş mühasibi olmuş Şəhla Abbasova və onun müavini Polad Əliyevin hər birinin 9 il, Yelena Abdullayevanın 2 il, qalan 4 nəfər – mühasib Səkinə Qasımova, kassir Aytən Hüseynova, Mədinə Hüsüyeva və Nigar Rzaquliyevanın hər birinin 5 il azadlıqdan məhrum edilməsini təklif edib.

Təqsirləndirilən şəxslərin vəkilləri fevralın 12-də keçiriləcək növbəti məhkəmədə çıxış edəcəklər, ardınca da özləri son sözlərini deyəcəklər.

Klinikanın keçmiş əməkdaşlarına CM-nin 313 (vəzifə saxtakarlığı) və 179 (mənimsəmə) maddələri ilə ittiham verilib. Şıxlinskaya keçmiş işçilərini klinikaya daxil olan vəsaitləri az göstərməkdə, gəlirləri mənimsəməkdə suçlayır.

Təqsirləndirilən əməkdaşlar isə deyirlər ki, L.Şıxlinskaya özü gəlirlərin az göstərilməsi, işçilərin maaşının rəsmi sənədlərdə faktiki verildiyindən dəfələrlə aşağı yazılması haqda göstəriş vermişdi. Məqsəd isə verginin məbləğinin aşağı olması idi.

Bu əməkdaşların işi üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq gedəndə vergidən yayınma halları aşkarlanıb. Bununla əlaqədar daha bir cinayət işi ayrılaraq, araşdırılması üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib. Orada söhbət milyonlarla manatlıq yayınmadan gedir.

L.Şıxlinskaya isə rəhbərlik etdiyi klinikada maliyyə məsələlərinə cavabdeh olmadığını deyib: «İmza qoymağa belə ixtiyarım yoxdur. Mən orada ancaq təsisçiyəm, nə müdir, nə də mühasibəm. Rəsmi olaraq, maaş və digər məsələlərə qarışmağa ixtiyarım yoxdur. Sənədlərə direktor, baş həkim və baş mühasib imza ata bilər».

Azadlıq Radiosu