11:45, 14 Oktyabr 2016 (Cümə) 245

"Kənd təsərrüfatı naziri qeyri-peşəkardır" - MÜSAHİBƏ

İnkişaf etməkdə olan ölkələrdə aclığın və bu problemlə mübarizənin səviyyəsini müəyyən etməkdən ötrü 2016-cı il üçün Qlobal Aclıq İndeksi hazırlanıb. Siyahıda Azərbaycanın adı  9.8%-lə 108 ölkənin adı olduğu siyahıda 54-cü yeri tutub.  Beynəlxalq Ərzaq Siyasəti Tədqiqatı İnstitutu tərəfindən aclığın qarşısını almaqdan ötrü hər il hesabatlarla aclıq siyahısı açıqlanır.

Siyahıya görə, Azərbaycanda 2016-cı ildə xroniki aclıqdan əziyyət çəkənlər əhalinin 1.7%-ni təşkil edib. Uşaqların (5 yaşdan aşağı) 3.1%-də boyuna görə çəki azlığı, 18%-də yaşına görə inkişaf ləngliyi müşahidə olunub. Uşaq ölümü göstəricisi 3.2%-dir.

Mövzu ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmlinin toplumtv.com-a müsahibəsini təqdim edirik: 

- Vahid bəy, Beynəlxalq Ərzaq Siyasəti Tədqiqatı İnstitutunun Qlobal Aclıq İndeksi siyahısında  Azərbaycanın adı 9.8%-lə qonşu ölkələri üstələyib. Bununla bağlı nə deyə bilərsiniz?

- Çox təəssüflər olsun ki, vəziyyət getdikcə pisləşir. Biz ölkənin buğda ehtiyacını 100% idxal hesabına ödəyirik. Südə olan ehtiyacın yalnız 50%-i yerli istehsal hesabına və ümumilikdə idxal da daxil olmaqla 70%-ə qədər süd və süd məhsullarına olan tələbat ödənilir. Adambaşına illik ət norması 84 kq olduğu halda, ölkədə yalnız illik norma 34 kiloqramdır. Ümumilikdə isə adambaşına istehlak 36-37 kiloqramdır ki, bu da ehtiyacın yarı hissəsi belə etmir. Kartofa tələbat 60%, idxal ilə birlikdə 80%-ə yaxındır. Ölkəyə idxal olunan mallar sırasında çay və şəkər də yer alıb. Ölkədaxili istehsal hesabına çayın və şəkərə olan ehtiyyacın 3%-ə qədərini ödəyə bilirik.

- "2008-2015-ci illərdə Azərbaycan əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" qəbul olunub. Qəbul olunmuş  dövlət proqramı mövcud durumu nə dərəcədə yaxşılaşdıra bilər?

- Bu proqram ərzaq təminatı və ərzaqın keyfiyyətinin yaxşılışdırılması üçün heç bir zaman direktiv sənəd olmayıb. Yəni ölkənin ərzaq təminatını ödəmək sənədlərlə mümkün olsaydı, bütün ölkə rəhbərləri məsələnin həllində bundan istifadə edərdi.
 
- Kənd Təsərrüfatı Nazirliyinin fəaliyətini necə deyərləndirirsiniz?

- Kənd təsərrüfatı naziri də, onun 1-ci müavini də, 2-ci müavini də qeyri-peşəkardır. Prezident Administirasiyasında Aqrar Şöbənin rəhbəri və ümumən digər sahələrdə peşəkarlar çalışmırlar. Qeyri-peşəkarlar ilə hansı işi görmək olar?! Bunun üçün də ölkənin vəziyyəti acınacaqlıdır.

- Bu qıtlığın təhlükəsizlik baxımından nə kimi fəsadları var?

- İndiki zamanda əksər ölkələrin hərbi sursatı və silahı kifayət qədərdir. Yeganə ən vacib məsələ bundan ibarətdir ki, bir ölkənin digər ölkəyə müdaxiləsi o ölkədə ərzaq təminatında çatışmamazlıq olmadığı halda, mümkün ola bilər. Münaqişə yarananda biz öz ərzaq təminatımızı ödəyə bilməsək, ciddi problemlərlə qarşılaşacayıq.

- Beynəlxalq hesablamalarda Azərbaycanı 2050-ci il üçün aclıqla üzləşmə təhlükəsinin olduğu deyilir. Sizin fikrinizcə, bu nə dərəcədə realdır?

- İndiki durumda Azərbaycan üçün aclıq təhlükəsi realdır. Kənd təsərrüfatı sektorunda su ehtiyacı 3 milyard kunbmetr olduğu halda, ölkə 32 kubmetr su resursuna sahibdir.  Bizim su resursumuz təlabatdan 10 dəfə çoxdur, lakin buna baxmayaraq, resurslardan düzgün və səmərəli istifadə edilmədiyi üçün hazırda bölgələrdə ciddi quraqlıq yaranıb. Bu səmərəsizlik meşələrin, ot örtüklərinin və yaşıllıqların məhv olması deməkdir. Təcili tədbirlər görülməzsə 2050 il üçün proqnozlaşdırılan təhlükə qaçılmazdır. Bölgələrə səfər edərkən  dağlarda ot örtüyünün, meşələrin, yaşıllıların tələf olduğunu görürəm. Bir tərəfdən də hökümət örüş sahələrini dövriyəyə buraxır  ki, bu proses də ekoloji fəsadların süətlənməsinə təkan verir. Bütün bunlar gələcəkdə ölkə üçün ciddi təhlükə yaradacaq. Boş səhralanmış ərazilər qalacaqdır ki, torpaqlardan da səmərəli istifadə edə bilməyəcəyik. Ölkədə deqradasiya prosesi sürətlə gedir və bu istiqamətlə təcili addımlar atmaq azımdır.
 
- Bəs çarə nədir?

- Ümumiyyətlə, aqrar sahə ilə bağlı kənd təsərüfatı, ekologiya və su təsərrüfatı sahəsi üzrə vahid qrup yaradılmalıdır. Meşə salınması, yaşıllıqların yaradılması, torpaqların münbütləşdirlilməsi və suya olan təlabatın ödənilməsi  kimi məsələləri kompleks şəkildə aparmaq lazımdır. İndiki mümkün imkanları reallaşdıra biləcək hökumət məmurunu yoxdur. Kifayət qədər ölkədə mütəxəsislər var ki, fəaliyyətdən kənarada qalıb, lakin bu işdə təcrübəsi olmayanlar hökumətdə yer tutublar və onların sayəsində kənd təsərrüfatı yetərincə pisləşib. Yəni bütün bunlar kadr çatışmazlığı ilə bağlıdır.

Qeyd edək ki, siyahıda Rusiya 6.8%, Ermənistan 8.7%, Gürcüstan 8.2%, İran 6.7% və 5%-dən az olmaqla qonşu ölklərdən ən az nəticə ilə Türkiyə qərarlaşıb. Gün ərzində təxminən 795 milyon adam, o cümlədən milyonlarla uşaq yatağına ac girir. Beynəlxalq Ərzaq Siyasəti Tədqiqatı İnstitutunun məlumatında belə deyilir.

İqrar Qurban
Toplumtv.com