19:56, 12 Fevral 2018 (Bazar ertəsi) 639

Kəmaləddin Heydərova müraciət: "Adamlarınıza deyin, məndən əl çəksinlər"

Kəmaləddin Heydərova müraciət:
"Əli və Nino" kitab  şəbəkəsinin sahibi Nigar Köçərli sosial şəbəkə vasitəsilə Fövqəladə hallar naziri  Kəmaləddin Heydərova videomüraciət ünvanlayıb.

Toplum tv xəbər verir ki, müraciətdə Nigar Köçərli nazirin oğlu Tale Heydərovun  kitab şəbəkəsinin fəaliyyətinə etdiyi təzyiqlər haqda danışıb.

"Biz filik, sən isə qarışqa.. Səni əzəcəyik!”

Nigar Köçərli deyib ki, onun biznesinə təzyiqlər 4 il öncə Gilan Holdinqin nümayəndəsi tərəfindən holdinqin ofisinə dəvətilə başlayıb: "Gilan Holdinqin nümayəndəsi sizin adınızdan dedi ki, "Əli və Nino”nu bizə verməlisən, əgər verməsən, biz fil, sən isə qarışqa - səni əzəcəyik!”

"Sizin adamlarınız bizi dükanlardan qovur..."

Kitab şəbəkəsinin sahibi o vaxtdan bəri  "Əli və Nino”ya qarşı mənəvi terror başladığını, gömrükdə problemlər, mağazalarda  gizli çəkilişlər, işçilərin dindirilməsi, mətbuatda və sosial şəbəkələrdə əks-təbliğat başladıldığını deyib: "İndi  də "Əli və Nino” kitab dükanları mollardan çıxarılır. Sizin adamlar bizi bu dükanlardan qovur, yerində öz kitab dükanlarını yaradırlar".

"Sizin ailə kitab biznesinə başlayanda... "

Nigar Köçərli dəfələrlə Tale Heydərova məktub yazdığını, müxtəlif vasitələrlə nazirlə əlaqə yaratmağa çalışdığını da vurğulayıb: "Heç bir nəticə olmayıb. Bəlkə də, sizin bunlardan xəbəriniz yoxdur. Sizin ailə kitab biznesinə başlayanda düşündüm ki, nəhayət, Azərbaycanın ucqar yerlərində, heç bir kitab dükanı olmayan rayonlarda kitab dükanları və pulsuz ictimai kitabxanalar açacaqsınız. Oxu mədəniyyətinin inkişafına dəstək verəcəksiz. İmkansız insanlara pulsuz kitab paylayacaqsınız. Axı sizin imkanlarınız bizdən milyon dəfə böyükdür. Gözləntim özünü doğrultmadı. Görünür, kitabsız yerlərə getmək çətin oldu. Amma "Əli və Nino”nu bağlayıb, yerində öz kitab mağazalarını açmaq asandır.Cənab Nazir, Tale Heydərov var gücü ilə və bizləri adam yerinə qoymadan, nifrətlə, saymazyana, dükanlarımızın bağlanmasına çalışır".

"Sizin oğlunuz mənim dükanlarımı əlimdən alır"

Xanım Köçərli vaxtilə qardaşının biznesinə də bu yolla son qoyulduğu deyib: "Mənim qardaşım bir vaxtlar kredit götürməklə Göyçayda nar şirələri istehsal edən mini-zavod açmışdı. Sizin adamlar o zavodu onun əlindən zorla aldılar, qardaşım müflis oldu. O vaxtdan xeyli vaxt keçib. Belə çıxır ki, növbə mənə çatdı. Sizin oğlunuz mənim dükanlarımı əlimdən alır. Mən sizə Azərbaycanda bizneslə məşğul olan tək-tük qadınlardan biri kimi müraciət edirəm. Əlbəttə, mənim arxamda böyük pullar və böyük adamlar yoxdur. Amma mənim arxamda, bir Azərbaycan qadınının böyük zəhməti, vicdanlı və halal əməyi durur. Sizdən xahiş edirəm ki, öz adamlarınıza deyəsiniz ki, məndən əl çəksinlər".

"Əli və Nino" kitab şəbəkəsi 15 il öncə yaradılıb. Şəbəkənin mollarda, ticarət mərkəzlərində kitab dükanları fəaliyyət göstərir. Həmçinin ölkədə böyük ədəbi hadisəyə çevrilmiş Milli kitab mükafatı təsis edib.

İzzətxanım Cabarlı
Toplum.Tv