18:09, 26 Dekabr 2016 (Bazar ertəsi) 4066

"Kəmaləddin Heydərov, Ziya Məmmədov, Səlim Müslümov, Hadi Rəcəbli, yoxsa polis?.."

"Sancaq production"ın idarəçisi, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Mehman Hüseynov Toplum Tv-yə başına gələn təxribatla bağlı müsahibə verib.

Müsahibəni təqdim edirik: 

- Mehman bəy, baş verənləri bir də sizdən eşidək. Bu təxribat necə baş verdi?

- Bu hadisə keçən 5-ci gün baş verdi. Günorta saat 3 radələrində evdən bərbərə getmək üçün çıxmışdım. Dayanacağa gedənə qədər hiss etdim ki, başında papaq olan bir nəfər məni izləyir. Yolun ortasında dayandım ki, görüm, o hara gedəcək. Məni görüb yolunu dəyişdi. Onda fikirləşdim ki, təsadüfi ola bilər, çünki bizim məhəllədə 150-yə yaxın sakin yaşayır. Gedib avtobusa mindim. Bərbərxananın giriş qapısı səffaf olduğundan, saçımı düzəltdirdiyim zaman həmin papaqlı adamı ərazidə gördüm. O zaman başa düşdüm ki, bu, təsadüfi deyil, bu adam sırf məni izləmək üçün çıxıb.

- Hadisənin təxribat olmasını nə zaman anladınız? Bu, sadəcə, təqib də ola bilərdi.

 - Nə etmək istədiklərini bilmirdim. Amma bütün təxribatlar, hədə-qorxular, həbslər məhz şənbə, bazar baş verir. Çünki həmin günlərdə diplomatik korpuslar işləmir. Bu təxribat da 5-ci gün axşam edildiyindən başa düşdüm ki, hakimiyyət nə isə hazırlayıb. Qapıdan çıxanda gördüm ki, sağ tərəfimdə 3 nəfər mülki geyimli şəxs dayanıb. Mən də sola dönüb dayanacaq tərəfə gedəndə, bir nəfər quldur görünüşlü şəxs məni çiyni ilə vurub divara söykədi və əlimdən tutdu. Arxadakı 3 nəfər gələnə qədər mən onun əlindən çıxıb məhəlləarası qaçdım. Hardasa 20 dəqiqə qaçdım ki, gəlib mənə çatmasınlar. Məhəlləarası qaçırdım ki, birdən maşınla olarlar və gəlib ora girə bilməsinlər. Bir iki gün dostlarımın evində gizləndim. Onlar istəyirdilər ki, məni vuranda cavab qaytarım və məni xuliqanlıqla tutsunlar. Şifariş idi, amma kim tərəfindən, bu, məlum deyil.  

 - Məsələ ilə bağlı nə tədbir görməyi düşünürsüz? 

- Mən düşünürəm ki, Daxili İşlər Nazirliyinə müraciət edim ki, mənim həyatıma təhlükə var. Problem odur ki, mən onların kim olduqlarını bilmirəm. Məlum deyildi ki, bunlar polis işçiləri idi, yoxsa nazirlərin adamları. Nazirliyə müraciət etməkdə məqsədim odur ki, mütləq şəkildə təhkükəsizliyimi təmin etmək üçün evimin qarşısına polis postu qoysunlar. Bir müddət həmin ərazidə təhlükəsizlik qorunmalıdır.

- Sizcə, bu təxribatyönümlü hadisənin son araşdırmalarınızla nə dərəcədə bağlılığı ola bilər?

- Düşünürəm ki, mütləq şəkildə bununla bağlıdır. Çünki son bir iki ayda ancaq məmur özbaşınalıqlarını, mülklərini, biznes şəbəkələrini araşdırıb yayırdım. Yəqin, məmurlar, nazirlər arasında xof yarandığından belə fikirləşiblər ki, bunun qarşısını almaq lazımdır. Sadəcə, kim olduğunu dəqiq deyə bilmirəm. Həm də indi elə bir andır ki, mən Hadi Rəcəbli, Ziya Məmmədov, Kəmaləddin Heydərov, Səlim Müslümov və bir çox məmur haqqda araşdırma etmişəm. Bu təxribatı da onlardan hər hansı biri təşkil etmiş ola bilər. Ona görə də bir qədər çaşqınlıq yaradır ki, kim fürsətdən istifadə edib öz adamlarını göndərə bilər.  Yəni  dəqiq deyə bilmərəm ki, sifarişçi kimdir: Kəmaləddin Heydərov, Ziya Məmmədov, Səlim Müslümov, Hadi Rəcəbli, yoxsa polis?..

Gülzar N. Məmmədli
Toplum Tv