14:48, 18 İyul 2018 (Çərşənbə) 103

Keçmiş icra başçısına 8 il həbs istənildi

Keçmiş icra başçısına 8 il həbs istənildi
Ağcabədinin keçmiş icra başçısı Münsif Səfərov dələduzluq suçlamasıyla Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Prokuror onun 8 il həbslə cəzalandırılmasını təklif edib.

İstintaq və məhkəmə dövründə başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri ilə azadlıqda olan sabiq icra başçısının məhkəmə zalından həbs olunması istənilib.

M.Səfərovun vəkili isə məhkəmə araşdırmasından narazıdır. Deyir ki, yetərincə araşdırma aparılmayıb.

İyulun 18-də məhkəmədə vəkil vəsatət qaldırıb ki, məhkəmə istintaqı təzələnsin, çünki indiki halda sübutlara obyektiv qiymət verib, ədalətli hökm çıxarmaq mümkün deyil. Müdafiəçinin sözlərinə görə, təqsirləndirilən şəxslərin ifadələri arasında da ziddiyyətlər var. Bunlardan hansının doğru olduğu aydınlaşdırılmalıdır.

Prokuror istintaqın təzələnməsi məsələsinə münasibət bildirmək üçün vaxt istəyib. Ona görə də bu vəsatətlə bağlı yekun qərar iyulun 20-nə qalıb.

M.Səfərov Rüstəm Bayramov adlı şəxslə birlikdə mühakimə olunur. Onların hər ikisinə CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə ittiham verilib. İttihama görə, onlar «Anari MMC»nin sahibi Şərabi Mənsuru aldadıblar, ona 60 min ziyan vurublar. İddia olunur ki, təqsirləndirilən şəxslər Ş.Mənsura tikinti işi üzrə tenderdə qalib elan etdirəcəklərinə söz veriblər, onu aldadıb evini əlindən alıb, banka girov qoyublar.

Sabiq icra başçısından fərqli olaraq, digər təqsirləndirilən R.Bayramov həbsdədir. Prokuror ona da 8 il həbs cəzası istəyib.

Ancaq onların heç biri özlərini təqsirli bilmirlər.

M.Səfərov 1992-ci ilin avqustunda mərhum prezident Əbülfəz Elçibəyin sərəncamı ilə icra başçısı vəzifəsindən azad olunub. Ondan sonra uzun illər Nazirlər Kabinetində işləyib.

Bir müddət öncə «Dəmirbank» da M.Səfərovu mülki qaydada məhkəməyə verib.

Azadlıq Radiosu