14:27, 12 Aprel 2018 (Cümə axşamı) 104

Kazlariç və Kramerdən Qərb ölkələrinə çağırış

Kazlariç və Kramerdən Qərb ölkələrinə çağırış
''Əliyev rejiminə yol açmaq Azərbaycandakı siyasi və sosial durumu daha da pisləşdirib''

ABŞ-ın Azərbaycanda sabiq səfiri Riçard Kozlariç və Devid Kramer "Foreign Policy” dərgisində "Azərbaycanda seçki bir məzhəkədir” başlıqlı məqalə ilə çıxış ediblər.

Müəlliflər yazıblar ki, Vaşinqton İlham Əliyevin korrupsioner rejimiylə barışmamalı, onu pisləməlidir (tərcümə AzadliqRadiosunundur).

Onlar 11 aprel səsverməsini martda Rusiya və Misirdə keçirilən prezident seçkiləri ilə müqayisə ediblər:

"Həmin proseslərin heç biri Qərb liderlərinin təbrikinə layiq deyil, eyni vəziyyət Azərbaycanda da baş verib”.

Müəlliflər yazırlar ki, Qərbin başı Putin Rusiyasına qarışdığından Əliyevin Azərbaycanı yaddan çıxıb, amma onun rejimi regiondakı ən korrupsioner və avtoritar rejimlərdən biridir. Birləşmiş Ştatlarda həm respublikaçıların, həm demokratların hakimiyyəti dövründə Əliyev pozuntularla yaxasını kənara çəkə bilib. Nəticədə Tramp administrasiyasının ötən dekabrda tətbiq etdiyi Qlobal Maqnitski Aktı çərçivəsindəki sanksiyalardan da canını qurtarıb. Birləşmiş Ştatlar və Qərb ölkələri Əliyevlə əməkdaşlığa getməklə ölkənin demokratik inkişafına ümidləri məhv edir.

"ABŞ hökuməti anlamalıdır ki, Əliyevə və rejiminə yol açmaq Azərbaycandakı siyasi və sosial durumu daha da pisləşdirib. Bu utancverici seçkinin nəticələri açıqlanınca Vaşinqtondan, digər Qərb ölkələrindən heç kim Əliyevə zəng edib onu "qələbəsi” münasibətilə təbrik etməməlidir” – deyə müəlliflər yazırlar.

Mərkəzi Seçki Komissiyasının ilkin açıqlamasına görə 11 aprel növbədənkənar prezident seçkisinin qalibi İlham Əliyevdir. MSK bəyan edib ki, İlham Əliyev 94 fazi sayılmış bülletenlərin nəticəsinə görə 86 faiz səs toplayıb.

Azərbaycanda növbəti prezident seçkiləri 2018-ci ilin oktyabr ayında keçirilməli idi. Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə ölkədə növbədənkənar prezident seçkiləri aprelin 11-ə təyin edilmişdi.

Prezidentliyə səkkiz nəfər namizəd var idi - hazırki dövlət başçısı İlham Əliyev, Demokrat Partiyasının sədri Sərdar Cəlal oğlu Məmmədov, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının sədri Hafız Hacıyev və namizədliyi AXC Təşəbbüs Qrupu tərəfindən irəli sürülən Razi Nurullayev.

Müxalifət partiyaları seçkini boykot ediblər.

Bu il keçiriləcək seçki nəticəsində prezident ilk dəfə olaraq yeddi il müddətinə seçilib.

meydan.tv