16:28, 06 Aprel 2018 (Cümə) 292

Kataloniya liderinin zaminə buraxılacağı gözlənir

Kataloniya liderinin zaminə buraxılacağı gözlənir
Aprelin 6-da Almaniya məhkəməsinin Kataloniyanın keçmiş lideri Karles Puçdemont-u girov müqabilində azadlığa buraxacağı gözlənir.

Ölkənin şimalındakı Şlezviq Holsteyn ştatındakı məhkəmə aprelin 5-də bildirib ki, Puçdemont-un 75 min avro əvəzində həbsxanadan çıxması razılaşdırılıb.

Digər şərtlər onun hər həftə yerli polisdə qeydiyyatdan keçməsi və ölkədən çıxmasının qadağan olunmasıdır.

İspaniya 55 yaşlı Puçdemont-u qiyam və dövlət vəsaitindən sui-istifadədə ittiham edir. O, ötən ilin oktyabrında Kataloniyanın müstəqilliyi ilə bağlı referendum təşkil etmişdi.

Puçdemont ötən ay İspaniyanın xahişiylə Almaniyada saxlanıb.