11:39, 08 Fevral 2018 (Cümə axşamı) 1585

"Karuseli qanuniləşdiriblər" - Cəmil Həsənli

Milli Şura aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərinə qatılmayacağını bəyan edib. 

Toplum Tv boykotun, eləcə seçkinin vaxtının dəyişdirilməsi ilə bağlı sualları Milli Şuranın sədri Cəmil Həsənliyə ünvanlayıb.

- Builki seçki mühitinin 2013-dən fərqin nə idi ki, boykot qərarı verdiniz?

- Birinci növbədə heç bir zərurət olmadan növbədənkənar seçki təyin olunub. Seçkinin öz vaxtında, yəni oktyabrın 17-də keçirilməsi ictimai-siyasi partiyalara da daha yaxşı hazırlaşmaq üçün Kostitutsiyada müəyyən olunmuş imkanları verirdi. Növbədənkənar seçki yalnız hakimiyyətin seçki prosesini öz maraqlarına uyğunlaşdırması zərurətindən irəli gəlir.

İkincisi, Seçki Məcəlləsi, Seçki Qanunvericiliyi 2013-cü ildə daha mütərəqqi idi. 2016-cı ildə keçirilən Referendumla Konstitusiyaya bir sıra əlavələr edildi.

Məsələn, Seçki Məcəlləsindəki dəyişikliyə görə səsvermədə şəxsiyyət vəsiqəsi tələb olunmayacaq. Bu isə "karusel”i qanuniləşdirmək, saxtakarlığa hüquqi don geyindirmək cəhdidir. 
2013-cü ildə belə məsələlər yox idi, repressiyaların və avtoritarizmin səviyyəsi indiki qədər deyildi. İndi bilirik ki, 160-a yaxın siyasi məhbus var.  2013-cü il seçkilərindən sonra ölkədəki vətəndaş cəmiyyəti institutları sıradan çıxarılıb. Mətbuat boğulub, çox aktiv fəaliyyət göstərən 3 ciddi media qurumu – Azadlıq radiosu, "Azadlıq” qəzeti və Meydan tv ölkə ərazisində bloklanıb, xeyli jurnalist həbs olunub”.

-  Sizcə, təşkil edəcəyiniz aksiyaların nə kimi əhəmiyyəti olacaq?

- Millii Şura seçki oldu-olmadı, həmişə aksiyalar keçirir. Aksiyaları ancaq seçkilərlə məhdudlaşdırmaq olmaz. Yəni yalnız mart-aprel aylarında olmayacaq, eyni zamanda digər aylarda da davam edəcək. Aksiya vətəndaşın konstitusion hüququdur və bundan istifadə etmək lazımdır. Seçkiqabağı aksiyalar hakimiyyətin seçki oyununu, saxtakarlığını cəmiyyətə açıb göstərməkdən ötrüdür. İctimai tribunadır. Ondan istifadə faydalıdır. Mitinq, küçə yürüşü, piket vətəndaşın haqqıdır və seçki dönəmində bundan istifadə etmək lazımdır.

- Hökumət seçkiyə qatılmayan tərəflərə aksiya icazəsi verməsə, icazəsiz aksiyalar olacaqmı?

- Əvvəla Konstitusiyaya görə hökumətin belə bir səlahiyyəti yoxdur. Seçki olmadan da biz aksiyalar keçirmişik. Aksiyanın olub-olmamasını seçkiyə bağlamaq olmaz. Ölkədə etiraz etmək üçün çox məsələ var. Aksiya, mitinq keçirmək hər bir təşkilatın konstutsion hüququdur və bunu seçkidə iştirakla müəyyən etmək olmaz.

- Seçkiyə qatılmamaq imza toplama dövründən başlayaraq, sona kimi seçki prosesinin içində olmaq, onu izləməklə baş verə biləcək qeyri-qanuni davranışları qeydə almaq imkanını əldən vermək deyilmi?

- Əvvəla, bu seçki başlandığı gündən qeyri-legitimdir. Vətəndaşların azad şəkildə öz iradələrini ifadə etmək imkanı olmadan qərar verməyin özü bəri başdan seçkini qeyri-legitim edir. Ona görə də, 11 aprel seçkisinin legitim, ya qeyri-legitim olmasını müşahidə etmək üçün hansısa namizədin, müşahidəçinin fəaliyyətini qeydə almaq vacib deyil.

-  Televiziyaya çıxış imkanı ilə daha çox insanı bilgiləndirmək olmazdımı, nəinki meydanlara toplanmış bir neçə min nəfəri?

- Bizim təminatımız yoxdur ki, seçkiyə qatılan tərəflərə efir vaxtı veriləcək. 2015-ci ilin parlament seçkilərində namizədlərə televiziya vaxtı verilməmişdi. Əgər müxalifət bu seçkilərdə təmsil olunsaydı, o dəsti xətt davam etdiriləcəkdi. Mən əmin deyiləm ki, efir vaxtı veriləcək. Çünki 2013-cü il seçkiləri onlarda ciddi narahatlıq yaratdı, televiziyanın imkanları onları gözlədiyindən daha böyük oldu. Ola bilər ki, bunu kommersiya şərləri ilə etsinlər. Məsələn, dəqiqəsi 15.000 30.000  və s. Bütün namizədlər də İlham Əliyev kimi varlı deyil.

Xatırlatma:

2013-cü il prezident seçkilərində Cəmil Həsənli müxalifətin birləşdiyi Milli Şuranın vahid nazmizədi kimi çıxış edib. ATƏT-in müşahidə missiyası bu seçkilərin 58 faiz 
saxtalaşdırıldığını bəyan edib. MSK isə rəsmi nəticə olaraq Cəmil Həsənlinin 5 faiz səs topladığını bildirib.

Gülzar N. Məmmədli
Toplum Tv