13:13, 09 Avqust 2018 (Cümə axşamı) 294

Jurnalist Rasim Əliyevin ölümündən 3 il ötür

Jurnalist Rasim Əliyevin ölümündən 3 il ötür
Avqustun 9-da jurnalist Rasim Əliyevin öldürülməsinin 3-cü ildönümünü qeyd edilib.

Anım mərasimində mərhumun yaxınları və həmkarları iştirak edib. Onlar Rasim Əliyevi üç il əvvəl dəfn etdikləri Məmmədli qəsəbəsi yaxınlığındakı qəbiristanlığa gediblər. Jurnalistin məzarını ziyarət edənlər Rasim Əliyevin Azərbaycan mediası üçün çox əhəmiyyətli bir insan olduğundan danışıblar.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Rasim Əliyev kimi jurnalistin ölümü Azərbaycanın müstəqil mətbuatında böyük itki olduğunu deyib. O, cinayəti törədən şəxslərin layiq olduğu cəzanı almadığını vurğulayıb.

Rasim Əliyev 2015-ci il avqustun 8-də döyülüb və ertəsi gün xəstəxanada vəfat edib. Onun ölüm işi üzrə 6 nəfərin, o cümlədən, Qəbələ klubunun futbolçusu Cavid Hüseynovun adı keçir.

Cinayəti bilib xəbər verməməkdə günahlandırılan Cavid Hüseynov 2016-cı il mayın 31-də Səbail Rayon Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi 2017-ci ilin oktyabrın 12-də onun cəzasını 1 il 2 aya endirib və o, azadlığa buraxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalisti birbaşa döydükləri bildirilən Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov isə 13 il azadlıqdan məhrum ediliblər.

Jurnalistin müdafiəçiləri məhkəmənin qərarları ilə razılaşmırlar. Onlar hesab edir ki, jurnalistin ölümünə görə, vəfat etdiyi xəstəxananın həkimləri də məsuliyyətə cəlb edilməli idi. Üstəlik, onlar düşünürlər ki, futbolçu Cavid Hüseynovun bu məsələdə məsuliyyəti yalnız cinayəti bilib gizlətməkdən ibarət deyildi.


Türkan Bəşir
ToplumTV