15:02, 19 Oktyabr 2017 (Cümə axşamı) 121

Jurnalist polisə çağrılıb

Jurnalist polisə çağrılıb
"Futbol+" qəzetinin reportyoru Şəfi Şəfiyev oktyabrın 19-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağrılıb. Bu haqda Ş.Şəfiyev özü bildirib.

Onun sözlərinə görə, idarədəki söhbətə qədər çağrılmasının səbəbi ona dəqiq məlum olmayıb:

"Təxmin edirdim, amma əmin deyildim ki, buna görə idarəyə çağırarlar. Söhbət 2003-cü il oktyabrın 15-i və 16-da baş vermiş hadisələrlə bağlı foto-videoların sosial şəbəkə üzərindən paylaşılmasından gedir. İdarəyə çağırışla bağlı jurnalist dostlarıma bildirdim, habelə vəkilə xəbər verdim".

Ş.Şəfiyev deyir ki, səhər vəkil Elçin Sadıqovla idarəyə gedib. Amma vəkili içəri buraxmayıblar:

"İdarədə bəlkə ən yaxşı halda, 5-6 dəqiqə söhbət oldu. Həmin foto-videolarla bağlı paylaşımama irad bildirdilər. Yüksək vəzifə sahibi olan polis məmuru ilə bağlı paylaşımlar xüsusi diqqət mərkəzində oldu və mənə bir də belə paylaşımlar etməməyim tövsiyə olundu".

Bundan sonra reportyor sərbəst buraxıldığını və hər hansı başqa xəbərdarlıq almadığını bildirib.

Jurnalistin bu açıqlamasına hələlik Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən münasibət almaq mümkün olmayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə də danışmaq cəhdləri alınmayıb.

2003-cü il oktyabrın 15-də Azərbaycanda prezident seçkisi keçirilib. İndiki dövlət başçısı İlham Əliyev prezident seçilib. Həmin vaxt seçkilərin saxtalaşdırıldığını bəyan edən Müsavat Partiyasının tərəfdarları buna etiraz olaraq Bakıdakı Azadlıq meydanına toplaşıblar. Aksiya polis və Daxili Qoşunların əsgərlərinin iştirakı ilə dağıdılıb. Çoxsaylı xəsarət alanlar olub, bir nəfər aksiya iştirakçısı ölüb.

Bu il oktyabrın 16-da sosial şəbəkələrdə həmin hadisələrin 14 illiyi ilə bağlı Azadlıq meydanında aksiyanın dağıdılmasına aid bir sıra foto və videolar paylaşılıb.
Mənbə: AzadlıqRadiosu