14:12, 14 May 2018 (Bazar ertəsi) 82

İTV-nın baş direktorunun "təyinat"ında qalmaqal

İTV-nın baş direktorunun
MTRŞ yenidən direktor vəzifəsində müsabiqə elan edib.

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası İctimai Televiziya və Radio Yayımları Şirkəti (MTRŞ) baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi və bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə yenidən müsabiqə elan edib. 

Bu barədə Toplum.Tv-yə media eksperti Ələsgər Məmmədli məlumat verib. 

O bildirib ki, Milli Teleradio Şurası yanlış qərarını anlayaraq, yenidən müsabiqəyə qərar verib: "Bu durumda İTV-nin Yayım Şurası ən hörmətsiz vəziyyətə düşən qurum oldu. Onları öncə qanunu pozduraraq təyin etdikləri birini təsdiqləməyə məcbur etdilər, sonra açıq-aşkar qanunun pozulduğunu hər kəs bəyan etdikdən sonra ağ oldu deyə yenidən müsabiqə elan ediblər”. 

Onun sözlərinə görə, televiziyanın yayım şurasının üzvləri bu formal prosesdə iştirak etməməlidirlər: "İTV-nin Yayım Şurasının azı 4 müstəqil, özünə hörmət edən üzvü olmalıdır ki, bu formal prosesdə iştirak etməyərək, əvvəl təyin edilmiş şəxsə bu dəfə səs verməsin. Amma olacaqmı? Çətin”.

Ekspert müvəqqəti baş direktor təyin edilməsinin də qanunsuz olduğunu deyib: "Teleradio Şurasının hörmətli təmsilçisi açıqlama verərək deyib ki, Balakişi Qasımov guya müvəqqəti təyin olunubmuş. Bu, üzrü günahından betərdir. İTV-nin Baş Direktorunun istefası baş veribsə, onun yerinə seçilməmiş bir şəxs müvəqqəti necə gələ bilər? Baş direktorun istefasında qurumdakı ardıcıllıq, təcrübə nəzərə alınaraq, Direktorlar Şurasından biri müvəqqəti bu postu seçkilərə qədər idarə etməli idi”.

"MTRŞ-ın bu gün müsabiqədə müəyyən etdiyi kriteriyalara Balakişi Qasımovun uyğun gəldiyinə kim, hansı müddətdə necə qərar vermişdi ki, onu Baş Direktor kimi mühüm bir postda əyləşdirsin və heç bir gün olmadığı, işləmədiyi qurumu, onun Direktorlar Şurasını, yaradıcı heyətini idarə etsin? Danışdıqca batmaqdansa, çıxıb səmimi şəkildə üzrxahlıq etmək daha doğru olardı”, - ekspert bildirib.  

Qeyd: MTRŞ müsabiqədə iştiraka dair tələbləri də elan edib. Müsabiqədə iştiraka dair tələblər aşağıdakılardır:
- Namizəd Azərbaycan Respublikasının vətəndaşı olmalı;
- Namizəd ali təhsilli olmalıdır. Əvvəllər ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, habelə məhkumluğu ödənil­məmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə bilməzlər.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər müəyyənləşdirildikdən sonra "İctimai Televiziya və Radio Yayımı haqqanda" Azərbaycan Respublikası Qanunun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq seçkinin keçirilməsi üçün namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim ediləcək.

Gülzar N. Məmmədli
Toplum TV