00:53, 03 Aprel 2018 (Çərşənbə axşamı) 70

İsrail BMT ilə Afrika miqrantlarına dair razılığın icrasını dayandırıb

İsrail BMT ilə Afrika miqrantlarına dair razılığın icrasını dayandırıb


/ DÜNYA
İsrailin baş naziri Benyamin Netanyahu BMT-nin Qaçqınlar Agentliyi ilə minlərlə Afrika miqrantının Qərb ölkələrinə köçürülməsi barədə razılığın icrasını dayandırdığını bildirib.
 
Netanyahu əvvəlcə razılığın əldə olunduğunu bazar ertəsi elan edib, lakin bundan bir neçə saat sonra onun icrasını dayandırdığını bildirib.

O çərşənbə axşamı günü deyib ki, şikayətləri dinləyib, vəziyyəti yenidən dəyərləndirdikdən sonra razılığın ləğv edilməsi haqda qərar verib.

Netanyahunun dediyinə görə, razılıqda əsasən 16 250 miqrantın Kanada, İtaliya və Almaniya da daxil edilməklə, Qərb ölkələrinə yerləşdirilməsi nəzərdə tutulurdu.

Lakin bundan sonra Almaniya və İtaliya Afrika miqrantlarını ölkələrinə yerləşdirmək barədə plandan xəbərləri olmadıqlarını bəyan edib.

İsrail lideri eyni sayda miqrantın İsraildə yaşamasına icazə veriləcəyini deyib.
 
Fevral ayında İsrail deportasiya ilə bağlı planın icrasına başlayıb və Afrikadan olan 20 min kişiyə ya iki ay müddətində geri, Afrikaya dönməli olduqları, ya da həbs ediləcəkləri barədə ultimatum verib.

İsraildə əsas etibarilə dünyada insan haqları pozuntularına görə vəziyyətin ən pis olduğu Eritreya və müharibənin getdiyi Sudandan olan 35 min Afrika miqrantı sığınacaq tapıb. Miqrantlar təhlükələr və cəzalandırılmadan qaçaraq, sığınacaq tapmaq istədiklərini deyir, lakin İsrail liderləri onların əsas etibarilə iqtisadi miqrant olaraq iş axtardıqlarını bildirir.

amerikaninsesi.org