14:11, 21 Noyabr 2017 (Çərşənbə axşamı) 83

"İŞİD dövrü bitdi" - İRAN

İran prezidenti Həsən Ruhani dövlət televiziyasında canlı yayımda İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının dövrünün bitdiyini elan edib. Bu haqda "The Independent” qəzeti yazıb.

İran İnqilab Keşikçiləri Qvardiyasının aparıcı komandirlərindən olan general mayor Qassem Soleimani də çərşənbə axşamı "Sepah News” portalında yerləşdirilmiş mesajda bu cihadçı qrupun sonunu elan edib.

Qvardiya bəyanatında müttəfiqləri, Livanın hərbi qruplaşması Hezbollah-a da döyüşdə "qətiyyətli” roluna görə təşəkkür edib.

İranlı döyüşçülər Suriyada müxalifət və ekstremistlərlə savaşan prezident Bashar al-Assad-a hakimiyyətini gücləndirməyə kömək edib. Döyüşlərdə azı min iranlı döyüşçünün həlak olduğu bildirilir. Onlardan bəziləri əfqan qaçqınlar olub.

İraqda isə İranın maliyyələşdirdiyi şiə döyüşçülər ABŞ koalisiyasının tərkibində İŞİD-in bu ölkədəki de-fakto paytaxtı olan Mosuldan çıxarılmasında az rol oynamayıb.

Bazar ertəsi axşam televiziyayla Beyrutdan etdiyi çıxışında Hezbollah lideri Həsən Nəsrallah deyib ki, İraqda mərkəzi hökumət qəti qələbəni elan edən kimi qruplaşma bu ölkədən çıxmağa hazırdır.

Bazar günü Ərəb Liqasının Qahirə görüşündə Səudiyyə Ərəbistanı regionu İrana qarşı birləşməyə çağırıb, onun Yaxın Şərqdə bir çox münaqişələrdə "sabitsizlik” yaratdığını bildirib.

Noyabrın 4-də Yəməndki husi yaraqlıları Səudiyyəyə doğru ballistik raket atandan sonra ər-Riyadla Tehranın münasibətləri gərginləşib. Bu arada Livanın sünni baş naziri Saad Hariri-nin qəfil istefası da şok yaradıb, bu istefanı Səudiyyənin düzüb-qoşduğu bildirilib. Lakin Hariri istefasında İranı günahlandırıb, İran və Hezbollah-ın ona sui-qəsd hazırladığını iddia edib.

Prezident Ruhani çərşənbə günü Rusiyanın Soçi şəhərinə gedəcək, rusiyalı və türkiyəli həmkarlarıyla Suriya münaqişəsini müzakirə edəcək.